Daşkənddəki simpoziumda ölkəmiz də təmsil olunur

 

Özbəkistan paytaxtında “Daşkənd–2024” III Beynəlxalq Heykəltaraşlıq simpoziumu keçirilir. “Heykəltaraşlıq, ətraf mühit və iqlim dəyişikliyi” mövzusunda simpoziuma 20 əcnəbi və 6 yerli müəllif qatılıb.

Ölkəmizi simpoziumda Xalq rəssamı Hüseyn Haqverdiyev təmsil edir. 

Yerli medianın məlumatına görə, tişə ustalarının yaratdıqları əsərlər Daşkəndin park və bulvarlarında qoyulacaq.

Simpoziumun açılışında çıxış edən Özbəkistanın ekologiya naziri Aziz Abduxakimov deyib: “Planetin istənilən bölgəsində ekoloji disbalans, havanın çirklənməsi, tullantıların təbiətə zərəri məsələsi aktualdır. Simpoziumun məqsədi ictimaiyyətin diqqətini bu problemlərə cəlb etiməkdir”.

Təşkilatçıların fikrincə, simpozium təkcə mədəni irsin inkişafına deyil, həm də ətraf mühitin qorunması məsələlərindən xəbərdarlığın yüksəldilməsinə xidmət edir. Təbii materiallardan istifadənin və incəsənətin ətraf mühitlə qarşılıqlı fəaliyyətinin vurğulanması yaradıcılıqla təbiət arasında harmoniyanın zəruriliyini nəzərə çatdırır.

Simpozium sentyabrın 10-dək davam edəcək.

Gülcahan