Gənclər arasında tarixi mədəni abidələrin təbliği layihəsi
   
   Noyabrın 4-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı ilə gənclər arasında tarixi mədəni abidələrin təbliğinə həsr olunmuş “Keçmişdən gələcəyə” adlı tədbir keçirilib.   
   Tədbirdə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin QHT-lərlə iş sektorunun nümayəndəsi Rəvanə Abdullayeva, ictimai birliyin sədri Turqay Həsənəliyev, ATMU-nun baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə iştirak edib.
   Bakı şəhərində 65 nəfər gəncin iştirakı ilə iki gün müddətində həyata keçirilən layihənin məqsədi milli-mədəni irsimizin qorunması və təbliğində gənclərimizin təşəbbüskarlığını artırmaq, bu istiqamətdə reallaşdırılan tədbir və proqramlarda, xüsusilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrasında gənclərin rolu və vəzifələrini diqqətə çatdırmaqdır.
   Tədbir müddətində peşəkar ekspert və təlimçilərin iştirakı ilə seminar xarakterli görüşlər olub. Həmçinin tarixi məkanlara ekskursiyalar təşkil edilib.