Azərbaycanlı rejissor İlqar Nəcəfin “Buta” bədii filmi “Asia Pasific Screen Awards”da (APSA) “Ən yaxşı uşaq filmi” kateqoriyasının mükafatına namizəddir. Bu barədə “Asia Pasific Screen Awards”ın (APSA) Azərbaycanda rəsmi nümayəndəsi olan “Nərimanfilm” şirkətindən məlumat verilib.
APSA mükafatının qalibləri Film İstehsalçıları Assosiasiyasının Beynəlxalq Federasiyasının dəstəyi sayəsində dünyanın üçdə bir hissəsində 70-dən çox ölkənin, Asiya-Sakit Okean regionunun filmləri arasından seçilir. 2011-ci ildə mükafatlandırmalar “Ən yaxşı bədii film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı uşaq filmi”, “Ən yaxşı rejissorluq”, “Ən yaxşı ssenari”, ”Kinematoqrafiyada nailiyyət”, “Ən yaxşı qadın rolu” və “Ən yaxşı kişi rolu” nominasiyalarında olacaq.
Kinematoqrafiyada nailiyyətə görə üç - UNESCO-nun filim vasitəsi ilə irəliləyiş və mədəni müxtəlifliyin qorunması, FİAPF-ın Asiya və Sakit okean regionunda kinematoqrafiyada nailiyyətlər və Beynəlxalq Münsiflər heyətinin “Grand Prize” mükafatın verilməsi nəzərdə tutulur. APSA mükafatının təqdimat mərasimi noyabrın 24-də Avstraliyada keçiriləcək.