Milli kinonun gələcək inkişafı da xeyli dərəcədə yerli teleserialların bədii keyfiyyətindən və gəlir imkanlarından asılı olacaq
Ölkə prezidentinin bu barədə imzaladığı sərəncamı yüksək qiymətləndirən kino və televiziya mütəxəssisləri mövzu ətrafında müzakirələrə başlayıblar
Nədənsə hər dəfə kinodan söz düşəndə «Bəyin oğurlanması» filmində kolxoz sədrinin bəlağətlə dediyi “Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də vacib!” sözləri yadıma düşür. Kino xüsusiyyəti, tamaşaçıya onun təsir mexanizmi başqa söhbətin mövzusudur. Amma unutmaq olmaz ki, kino incəsənətin mühüm növü olmaqla yanaşı, həm də ideoloji, təbliğati vasitə, xalqın mədəni-milli varlığının, özünüifadəsinin vizual həllidir. Bu baxımdan hər bir ölkə, xalq üçün milli kinonun inkişafı məxsusi önəm kəsb edir.
Son illər Azərbaycanda milli kinonun inkişafı ilə bağlı çox işlər görülür, ölkə rəhbərliyi tərəfindən bununla bağlı dövlət proqramı təsdiqlənib, sərəncamlar verilib.
Prezident İlham Əliyevin milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında 9 sentyabr 2011-ci il tarixli sərəncamı da bu sahənin inkişafına yönələn konkret addımlardan biridir. Sənədə əsasən, milli telefilmlərin, habelə teleserialların çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 5 milyon manat vəsait ayrılıb. Qalır bu vəsaitin müqabilində iş görmək, tamaşaçı marağına və zövqünə uyğun yerli televiziya serialları çəkmək. Bu isə artıq yaradıcı müzakirələrin, bəzi hallarda fikir ayrılıqlarının əsas nöqtəsidir. Elə ona görə də istər kino, istərsə də televiziya mütəxəssisləri bu sərəncamı yüksək qiymətləndirərək mövzu ətrafında müzakirələrə başlayıblar. Biz də bu xüsusda fikir və mülahizələrin bir qismini qəzet səhifəsinə çıxarmaq qərarına gəldik.
Evdar qadınların filmləri?
Kino mütəxəssislərinin bəsit sənət növü adlandırdıqları seriallar dünyanın bir çox ölkələrində kinematoqrafiyanın inkişafına xidmət edir və kino istehsalının kommersiya imkanlarını artırır. Prodakşnlar seriallardan əldə etdikləri gəlir və təcrübə hesabına böyük filmlər istehsal edirlər. Bir sözlə, kinematoqrafiyada serialın artıq öz yeri var.
Xatırlayırsınızsa əvvəllər serialları tənə ilə “evdar qadınların filmləri” adlandırır, belə filmlərin məhdud izləyici auditoriyası olduğunu qeyd edirdilər. Amma buna rəğmən televiziya serialları tədricən özünə daha geniş auditoriya qazanmağa başladı. Çünki serialların mövzu dairəsi də genişləndi. Məsələn, Braziliya seriallarında ilk vaxtlar sadə süjetli həyat tərzi, sevgi macəraları ekranlaşdırılırdısa, sonralar bu telenovellalar detektiv, kriminal, döyüş janrlarında çəkilərək kişilərin və uşaqların maraq dairəsini əhatə etməyə başladı.
Hazırda Braziliya seriallarını peşəkar aktyor və rejissor işinə görə məktəb adlandırırlar. Serialların kommersiya gücünə yaxşı bələd olan Amerika kinematoqrafçıları da bu sahənin inkişafına üstünlük verirlər. Rusiya kinematoqrafçıları ölkə əhalisinin xarici filmlərə, mədəni cərəyanlara meylinin qarşısını xeyli dərəcədə yerli serialların istehsalı ilə aldılar. Rusiya serialları artıq kino standartlarına cavab verən ekran əsərləri kimi geniş tamaşaçı auditoriyası qazanıb.
Azərbaycan tamaşaçısının da kütləvi surətdə maraq göstərdiyi Türkiyə seriallarına gəlincə, bu gün qardaş ölkədə milli kinonun yüksələn xətt üzrə inkişafı seriallarla bağlıdır. Türk kinematoqrafçıları seriallardan gələn gəlirə nüfuzlu festivallarda iştirak edə biləcək bədii filmlər istehsal edirlər. Türk serialları digər ölkələrin mənəvi-əxlaqi özəlliklərini, ailə-məişət, davranış ölçülərini rədd edərək türk modelini, türk ailəsi, türk insanının ekran həllini yaratdılar. Beləcə tamaşaçı o serialda özündən, ailəsindən, ətrafından nə isə görməyə başladı. Ona görə də bu ekran əsərləri geniş tamaşaçı toplamaqdadır.
Sadəcə efiri doldurmaq olmaz
«Serial təkcə efiri doldurmaq üçün nəzərdə tutulmamalı, həm də insanların mənəviyyatını qidalandırmalıdır». Televiziya və kino mütəxəssislərinin dönə-dönə qeyd etdiyi bu məqamda «Yaxşı serial necə olmalıdır?» sualına konkret cavab tapmaq çətindir. Mütəxəssislərin bir qismi bu serialların milli maraqlarımıza xidmət etməsi, tamaşaçını yüksək dəyərlərə kökləməsi, Azərbaycan reallığından çıxış etməsi fikrindədirsə, digərləri mövzu seçimi və ssenaridə serial formatı və tamaşaçı auditoriyasının nəzərə alınmasının tərəfdarıdır.
Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxovun fikrincə, asudə vaxtının böyük hissəsini evdə, televizor qarşısında keçirən insanlara ünvanlanan serialları ağır mövzularla yükləmək olmaz: «Deyək ki, vətənpərvərlik mövzusunda seriallar. Bu mövzu hansısa böyük əsərlərdə, bədii film formasında daha münasibdir. Müəyyən məqamlarda söz, fikir olaraq vurğulamaq olar, amma tamaşaçını bütünlükdə bu motivə kökləmək, düşünürəm ki, uğurlu olmaz. Bu, dünyada da belə qəbul olunub.
Seriallar daha çox məişət mövzularında və komediya janrında çəkilir. Çünki onlar asudə vaxt üçündür. Ona görə də seriallardan daha çox fəlsəfilik və ya yüksək bədiilik tələb etməyə ehtiyac yoxdur.
Ssenari və rejissor işinə gəlincə, bu işdə müsabiqə formasının tərəfdarıyam. Ümid edirəm ki, Milli Teleradio Şurası da prezidentin sərəncamının icrası ilə bağlı təqdim olunan layihələrin ən yaxşılarını seçib, onları professional istehsalçılara sifariş edəcək, nəticədə baxımlı, bizim tamaşaçılara layiq filmlər və seriallar çəkiləcək. Fikrimcə, ilkin mərhələdə mütləq xarici təcrübə əsas götürülməlidir. Xaricdə televiziya kanalları özləri film və ya serial istehsal etmirlər. Bu prodakşn şirkətlərinin işidir, onlar bu sahədə ixtisaslaşıb. Məncə, biz də bu varianta üstünlük verməliyik”.
Serialları kimlər çəkməlidir?
Əməkdar incəsənət xadimi, rejissor Ramiz Həsənoğlu isə daha çox “Seriallar tamaşaçı marağını bərpa edə biləcəkmi” sualı ətrafında düşünür: “Bizim tamaşaçıların böyük əksəriyyəti rus və türk seriallarına baxırlar. Ona görə də bu sərəncamın məramını alqışlayıram, hesab edirəm ki, bu sənəd baxımlı, Azərbaycan tamaşaçısını cəlb edəcək teleserialların çəkilməsinə mühüm zəmin olacaq. O ki qaldı serialların hansı mövzuda çəkilməsinə, bax bu, hərtərəfli araşdırılmalıdır. Çünki hər bir telekanalın özünün proqram siyasəti, xətti var. Təbii ki, tamaşaçı auditoriyası birqatlı təbəqə deyil, bu auditoriya genişdir, müxtəlif zövqləri özündə birləşdirir. Əlbəttə, o tamaşaçının tələbatını dəqiq öyrənmək lazımdır. Mənə elə gəlir ki, biz daha çox milli mentalitetdən, bağlı olduğumuz dəyərlərdən çıxış edərək və eyni zamanda heç cür, heç vəchlə aşağı səviyyəli tamaşaçının zövqünün dalınca getmədən seriallar çəkməliyik. Gərək tamaşaçıları öz arxamızca aparaq.
Burada vətənpərvərlik, sosial münasibətlər və bu kimi cəmiyyəti narahat edən, toplumda müəyyən təsir yarada bilən mövzular üstünlük təşkil etməlidir. Ümumilikdə hər sənətkarın vətəndaş mövqeyi, özünün mövzusu olmalıdır. Təki iş olsun, özümü göstərim demək, rejissorluq deyil!»
Məsələ ilə bağlı aparılan çoxsaylı müzakirələrdən biri də «Serialları kim çəkməlidir: böyük kinoda sözünü demiş rejissorlar, yoxsa gənclər» sualı ətrafında gedir. Ramiz müəllim bu işdə yaşlı, təcrübəli rejissorlarla gənclərin birgə işləməsinin tərəfdarıdır: “Mənə elə gəlir ki, burada da çox ciddi və sərt seçim olmalıdır. İstər telekanallar, istərsə də Milli Teleradio Şurası bunu etməlidir. Yerindən duran da serial çəkə bilməz axı. Buna haqqını sübut etməlidir. Bu haqq da onun gördüyü işlə ola bilər. Serial çəkmək eksperiment eləmək deyil. Ona görə də mən yaradıcılıq birlikləri formasında işin tərəfdarıyam. Böyük rejissorların təcrübəsindən istifadə olunmalı, yeni, maraqlı fikirli gənclər işə cəlb edilməlidir. Yəni işin başında səriştəli, işi bilən adamlar olmalıdır».
«Hər motor deyən rejissor olsaydı...»
Mədəniyyət və İncəsənət Universitetinin professoru, kinorejissor, Xalq artisti Tofiq İsmayılovun fikrincə, serial çəkmək üçün xarici ölkələrin təcrübəsindən istifadə etmək olar, amma onların kölgəsində qalmadan: «Əvvəla, biz nə çəkəcəyik sualı ətrafında düşünməliyik. Əgər hər studiya istədiyini çəksə bu dəhşət olar. Bu vəsaiti boş yerə xərcləməməliyik. Ona görə də ilk addım daha uğurlu olmalıdır. Biz rejissor işi, aktyor oyunundan daha çox hansı əsəri ssenariləşdirib çəkəcəyimizi müəyyən etməliyik. Çünki biz hər zəif filmlə tamaşaçını özümüzdən qaçıra bilərik. Digər tərəfdən mən birdən-birə 20-30 seriyanın da çəkilişinin tərəfdarı deyiləm. İlk olaraq 2-3 seriya ekranlaşdırmaqla tamaşaçının rəyini bilmək olar. Əgər film baxımlıdırsa seriyaların da sayını artırmaq olar. Çünki əsas sözü seyrçi deyəcək. Digər tərəfdən təcrübəmiz də azdır. Çox seriya isə çox iş tələb edir. Bizdə isə o işin altına girə biləcək rejissor çox azdır. Hər «motor» deyən rejissor olsaydı, dərd nə idi ki... Sirr deyil ki, bizdə televiziya serialları üzrə rejissura problemi var və daha çox bu ətrafda düşünməliyik».
Həmidə Nizamiqızı