Əməkdar jurnalist, yazıçı-publisist İdris Şükürlü 14 kitabın müəllifidir. Onların dördü Qarabağ müharibəsinə həsr olunub. Yazıçının yeni çapdan çıxan kitabı “Bədənində dəfn etdilər ölümü” adlanır. Kitab Qarabağ döyüşlərində, vətən torpağı yolunda canını qurban verərək şəhidlik zirvəsinə ucalan Lerikin igid övladlarından bəhs edən oçerk, məqalə, şeir və xatirələrdən ibarətdir.
Müəllif kitabda şəhidlərin qəhrəmanlığına güzgü tutur, şəhidlik zirvəsinin ucalığına, müqəddəsliyinə diqqəti cəlb edir, ölümün gözünə dik baxan igidlərə möhtəşəm söz abidəsi ucaldır. Kitabda bütün mövzular müqəddəs vətən, yurd sevgisindən maya tutur. “Obamın cəsur balası, Lerikin qeyrət qalası”, “Qoru vətəni!”, “Güllə də diksindi baxışından”, “Əlvida demədi bu xoş həyata”, “Qəhrəman ananın qəhrəman oğlu”, “Sonuncu şəkil”, “Ömrün qönçə çağında” və sair yazıları oxuyanda vətənə məhəbbətin qüdrətinə heyran kəsilirsən.
“Bədənində dəfn etdilər ölümü” kitabının redaktoru biologiya üzrə fəlsəfə doktoru Musa Bədəlovdur. Onun nəfis şəkildə işıq üzü görməsində isə həmişə xalqını, vətənini düşünən xeyirxah insan Fəxrəddin Mirzəyev köməyini əsirgəməmişdir.
Zəfər Orucoğlu
Lerik rayonu