Gəncə Dövlət Filarmoniyasının və Mirzə Şəfi Vazeh muzeyinin açılışı keçirilib
Prezident İlham Əliyevin noyabrın 10-da Gəncəyə səfəri zamanı şəhərdə inşa olunan yeni mədəniyyət ocaqlarının açılışı keçirilib.
Dövlət başçısı Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib. Prezidentə məlumat verilib ki, altımərtəbəli binada 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, inzibati, məşq, qrim, rejissor və istirahət otaqları var.
Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.
Prezident açılışdan sonra Gəncə Dövlət Filarmoniyasının binasında şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
* * *
Həmin gün Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışı keçirilib. Dövlət başçısına məlumat verilib ki, şəhərin “Gülüstan” ərazisində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatdırılıb. Milli memarlıq üslubunda inşa olunan muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb.
Muzeyin yerləşdiyi parkın ərazisi 2 hektardır. Parkın ərazisində yaşıllıq salınıb, dekorativ gül kolları əkilib, sakinlərin və şəhərin qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb. Parka gələnlər görkəmli maarifçi Mirzə Şəfi Vazeh barədə ətraflı məlumat da əldə edə biləcəklər. Parkda şairin heykəli ucaldılıb. Heykəlin arxasındakı divara mozaika işləmələrlə Mirzə Şəfi Vazehin və onun müasirləri olan Fridrix Bodenştedtin, Abbasqulu ağa Bakıxanovun, Qasım bəy Zakirin, Mirzə Fətəli Axundzadənin, eləcə də bir sıra tarixi şəxsiyyətlərin süjetli təsvirləri həkk olunub.
* * *
Prezident Gəncədə görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının açılışında da iştirak edib. Ümumi ərazisi 2 hektar olan park şəhərin “Gülüstan” yaşayış massivindəki Əziz Əliyev prospektində yerləşir. Parkda görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsi ucaldılıb.
Dövlət başçısı Gəncəyə səfəri çərçivəsində həmçinin “Majestic Palace” hotelinin tikintisi ilə tanış olub. Məlumat verilib ki, 104 yerlik hotelin inşasına 2015-ci ilin aprelində başlanılıb. Hazırda inşaat işlərinin son mərhələsi həyata keçirilir.
Prezident İlham Əliyevə həmçinin şəhərdə aparılan abadlıq-quruculuq işlərinin layihələri barədə məlumat verilib.