Noyabrın 10-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Xalq rəssamı Mirnadir Zeynalovun 75 illik yubileyinə həsr olunmuş sərgi açıldı.
   Əvvəlcə nazirliyin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov qısa çıxış edərək qonaqları salamladı. Sonra söz mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə verildi. 
   Nazir müavini Xalq rəssamı Mirnadir Zeynalovun keçdiyi sənət yolundan, özünəməxsusluğundan söz açaraq, onun müasir incəsənətin tanınmış nümayəndələrindən olduğunu diqqətə çatdırdı. 
   Bildirildi ki, M.Zeynalov 1963-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirib. Yaradıcılığa 70-ci illərdən başlayıb və öz dəst-xəttilə tanınıb. Onun emosional, ekspressiv tabloları bədii keyfiyyəti, ideya orijinallığı, icra texnikası, yenilikləri və ardıcıl axtarışları ilə seçilir. Kollaj və installyasiya elementləri rəssamın rəngkarlıq kompozisiyalarının ayrılmaz hissələridir.
   Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov yubilyar həmkarını təbrik edərək onu 60-cı illərdən tanıdığını, yaradıcılığını yaxından izlədiyini bildirdi. 
   Xalq artisti, rejissor Oqtay Mirqasımov rəssam dostu ilə bağlı ürək sözlərini bölüşdü, evində onun əsərlərinin olduğunu vurğuladı. Çıxışçı rəssamın yaradıcılıq məziyyətlərindən bəhs etdi.
   Sonda çıxış edən yubilyar sərginin təşkilatçılarına, mərasimə gələnlərə sayğısını ifadə etdi. 
   Daha sonra iştirakçılar sərgi ilə tanış oldular. Ekspozisiyada Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamın şəxsi kolleksiyasından seçilmiş 100-dən çox əsər sərgilənir. Eləcə də Dövlət Rəsm Qalereyasının “Emalatxanada görüş. Mirnadir Zeynalov” layihəsi çərçivəsində hazırlanmış video-çarx nümayiş olunur. 
   Qeyd edək ki, M.Zeynalov 1976-cı ildə Moskvada keçirilən Ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomuna, 1989-cu ildə “Yaz bağı” əsərinə görə Bakıda keçirilən “Xəzəryanı Ölkələri Rəssamlarının Bienallesi”ndə bürünc medala layiq görülüb. 1987-ci ildə Hindistana yaradıcılıq ezamiyyətinin nəticəsi olan iki fərdi sərgisi keçirilib. Əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anceles və başqa şəhərlərdə nümayiş olunub, Azərbaycan Milli İncəsənət Muzeyi və Dövlət Rəsm Qalereyasının fondunda saxlanılır. 
   Xalq rəssamının Muzey Mərkəzində yubiley sərgisi noyabrın 15-də başa çatacaq.
   
   S.Qaliboğlu