Noyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində Şuşa şəhər Niyazi adına Uşaq incəsənət məktəbinin 85 illik yubileyi qeyd olundu. Yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyi, Şuşa Rayon İcra Hakimiyyəti və Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə keçirildi. 
   Mərkəzin foyesində məktəbin rəsm şöbəsi şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edilmişdi.
   Tədbiri Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov açaraq Şuşa şəhərinin tarixindən, burada yaşamış və Azərbaycan mədəniyyətinə töhfələr verən sənətkarlardan bəhs etdi. Bildirdi ki, bu ecazkar şəhər təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da musiqinin beşiyi kimi tanınır: “Şuşa Azərbaycan musiqi mədəniyyətində iz qoyan bir çox dahilərin yurdudur. Azərbaycanda ilk musiqi məktəblərindən biri 1932-ci ildə Şuşada böyük müğənni Bülbülün təşəbbüsü ilə açılıb. Məktəbin məzunları sırasında Süleyman Ələsgərov, Əşrəf Abbasov, Rauf Əliyev, Kamal Məmmədov, Kamal Abbasov və digər musiqi xadimlərimizin adını çəkə bilərik”.
   Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev çıxış edərək nazir Əbülfəs Qarayevin yubileylə bağlı təbriklərini tədbir iştirakçılarına çatdırdı. 
   Məktəbin keçdiyi yola nəzər salan şöbə müdiri bildirdi ki, Şuşa şəhəri 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra Niyazi adına Uşaq incəsənət məktəbi fəaliyyətini Bakıda davam etdirir: “Ötən illər ərzində tədris ocağında xeyli istedadlı gənclər yetişib. Fəxr ediləsi haldır ki, onların səsi respublika hüdudlarından uzaqlardan gəlir. Musiqi beşiyinin bu ənənələri bundan sonra da yaşayacaq. Çünki Şuşa şəhəri həmişə xalqımızın istedadını və musiqisini ifadə edən sənət mərkəzi olub”.
   Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təşəkkürünü bildirdi. Qeyd etdi ki, Şuşa şəhər Niyazi adına Uşaq incəsənət məktəbi də köçkünlük dövründə çətin günlər yaşayıb: “Buna baxmayaraq, məktəbin kollektivi vəzifə borcunu yerinə yetirib, məktəbdə bacarıqlı şagirdlər yetişib, onların estetik tərbiyəsinə böyük səylər göstərilib”. 
   Tədbirdə daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, məktəbin direktoru Mirkamil Ağamirov və başqaları təhsil ocağının Azərbaycan mədəniyyətinə bəxş etdiyi böyük sənətkarlardan söz açdılar. Qeyd olundu ki, məktəbin şagird və məzunları müxtəlif festival və müsabiqələrdə iştirak edərək uğur qazanırlar. “Təbəssüm” rəqs qrupu bir çox beynəlxalq müsabiqə və festivallarda xüsusilə fərqlənib. Çıxışlarda belə bir inam ifadə olundu ki, Azərbaycan torpaqları tezliklə işğaldan azad olunacaq, Şuşa yenidən musiqi festivallarına ev sahibliyi edəcək. 
   Çıxışlardan sonra məktəbə və müəllim kollektivinin bir sıra üzvlərinə diplom və fəxri fərmanlar təqdim olundu. Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi adından məktəbə rəsm əsəri hədiyyə edildi. 
   Tədbirin bədii hissəsində məktəbin xor kollektivi Emin Sabitoğlunun “Can Azərbaycan”, Mirkamil Ağamirovun “Sabaha bizimlə gedəcək Şuşa” əsərlərini səsləndirdi. Şagirdlərin ifasında Süleyman Ələsgərovun “Gözəl Şuşam” mahnısı, “Turacı” rəqsi, “Təbəssüm” rəqs qrupu tərəfindən “Yallı” rəqsi təqdim olundu.
   Məktəbin məzunu, Əməkdar artist Anar Şuşalı S.Ələsgərovun “Vətənimdir” mahnısını, muğam üçlüyü “Qarabağ şikəstəsi”ni oxudu.
   Sonda məktəbin direktoru M.Ağamirov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
   
   Savalan Fərəcov