Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə reallaşan “Uşaq kitab karvanı” layihəsi üzrə 6-9 noyabr tarixində bölgələrə növbəti səfər keçirilib. Səfər Salyan, Neftçala, Biləsuvar və Sabirabad rayonlarını əhatə edib.
Səfərdə uşaq yazarları Gülzar İbrahimova, Sevinc Nuruqızı, Aygün Bünyadzadə və Reyhan Yusifqızı iştirak ediblər. “Uşaq kitab karvanı” rayonların hər birində böyük maraqla qarşılanıb.
Keçirilən görüşlərdə Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına marağı artırmaq, uşaqları mütaliəyə cəlb etmək, bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanalara yönəltməkdir.
Səmərəli keçən səfərdə yazarlar tədbir iştirakçılarının suallarını cavablandırıb, uşaqlar arasında müxtəlif viktorinalar keçirilib, qaliblər kitab və jurnallarla mükafatlandırılıb. Bölgələrdə fəaliyyət göstərən MKS-lərin uşaq kitabxanalarının hər birinə kitab bağlamaları - nəşriyyatların son illərdə nəşr etdiyi 500-ə yaxın uşaq kitabı, 44 adda metodik vəsait, “Göy qurşağı” jurnalı, uşaq hüquqları ilə bağlı plakatlar və vəsaitlər hədiyyə edilib.
Kitab karvanı yerli ictimaiyyətin də sevincinə səbəb olub. Tədbirdə iştirak edən dövlət idarələrinin rəsmi nümayəndələri layihənin artıq neçə ildir uğurla həyata keçməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, 2011-ci ildən həyata keçirilən “Uşaq kitab karvanı” layihəsi üzrə 26 rayona 22 mindən çox nüsxə kitab bağışlanılıb.