Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Bəhreyn Krallığına səfər çərçivəsində bir sıra mədəni tədbirlərdə də iştirak edib.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günel Aslanova Bəhreyn Arxeoloji İrs Evinin yenidənqurmadan sonra həyata keçirilən təntənəli açılış mərasiminə qatılıb.
Ölkənin mədəniyyət və əntiq əşyalar naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə mərasimdə çıxış edib. O, son illərdə Bəhreyndə tarixi abidələrin bərpası, yeni muzeylərin yaradılması sahəsində görülən işlərdən bəhs edib. Bildirilib ki, Bəhreynə gələn xarici turistlər belə obyektlərə böyük maraq göstərirlər. Nazir ölkənin mədəni irsinin beynəlxalq aləmdə tanıdılması baxımından bu cür turizm nümayişi obyektlərinin əhəmiyyətini qeyd edib.