Xəbər verdiyimiz kimi, avqustun 31-də Türkiyənin Antalya şəhərində “Azərbaycan mədəniyyəti və sənəti günü” keçirilib.

Layihə çərçivəsində Azərbaycan təmsilçiləri Türkiyənin “TRT Antalya” radiosunda yayımlanan “Bölge Gündemi” mədəniyyət proqramının qonağı olublar. Verilişdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl, Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova, gənc azərbaycanlı müğənni, solist Aynur İsgəndərli iştirak ediblər.

Proqramda Azərbaycan-Türkiyə qardaşlığı, ölkələrimiz arasındakı mədəni əlaqələr barəsində fikirlər yer alıb. Verilişdə, həmçinin milli mədəniyyətimizin qardaş ölkədə, eləcə də Antalyada təbliği istiqamətində həyata keçirilən və nəzərdə tutulan tədbirlər, layihələr müzakirə edilib, hazırda davam edən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbiri haqqında məlumat verilib.

Xatırladaq ki, “Azərbaycan mədəniyyəti və sənəti günü” Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında avqustun 29-da Marmaris şəhərində başlayıb.