Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Mədəniyyət və Turizm Nazirliyi ilə birgə ölkəmizdə aktiv turizmin təbliğ olunması məqsədilə yeni layihənin icrasına başlayıb. Layihə ölkəmizdə ekoturizmin dəstəklənməsi, təbii gözəlliklərin tanıdılması, tarix və mədəniyyət abidələrinin təbliği və gənclərin bu marşrutlara cəlb olunmasını hədəfləyir.
“Gənclər arasında aktiv turizmə böyük maraq var”
Noyabrın 10-da ilk olaraq Şabran rayonu ərazisindəki “Çıraqqala” tarixi-memarlıq qoruğuna yürüş təşkil olundu. Yürüşdə ekoturizm üzrə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri və bu turizm növünün həvəskarları iştirak edirdi.
Layihə barədə məlumat verən Gənclər Fondu Aparatının rəhbəri Faiq Qürbətov bildirdi ki, məqsəd aktiv turizmin təşviqi, gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, tarixi abidələrimizin təbliğidir: “Son illər ölkəmizdə turizm sənayesinin müxtəlif növləri inkişaf etməkdədir. Gənclər arasında da aktiv turizmə böyük maraq var. Buna görə Mədəniyyət və Turizm Nazirliyi, eləcə də bu turizm növü ilə məşğul olan şirkətlər ilə bu layihəni gerçəkləşdirdik”.
Məlumat verildi ki, layihə çərçivəsində ölkəmizdəki qoruqlarda turizmin müxtəlif növlərinin (piyada, dağçılıq, atçılıq və s.) inkişafı, yeni turizm marşrutlarının təşkili, turlara dair məlumat kitabçalarının hazırlanması, marşrutlar üzrə istiqamət göstəriciləri və məlumat lövhələrinin quraşdırılması planlaşdırılır.
Faiq Qürbətov diqqətə çatdırdı ki, ilk səfərin gerçəkləşdirildiyi Çıraqqalaya qalxan yolun üzərində məlumat lövhələri və yolgöstərici nişanlar qoyulub. Bu da tarixi abidəni görmək istəyən yerli və xarici turistlərin rahat, təhlükəsiz şəkildə yürüş etmələrinə yardımçı olacaq. Layihə üzrə belə yürüşlərin davamlı təşkil olunması nəzərdə tutulub.
Yürüş zamanı “Çıraqqala” tarix-memarlıq qoruğunun direktoru Cavid Xudaverdiyev məkan və tarixi abidə haqqında iştirakçılara geniş məlumat verdi.
Dar cığırlar, dumanlı hava, sıldırım qayalar...
Havanın çiskinli, dumanlı olmasına baxmayaraq ekoturizm həvəskarları dəniz səviyyəsindən 1232 metr yüksəklikdə yerləşən Çıraqqalaya yürüş etmək fikrindən daşınmadılar. Ekoturistlər qalaya qalxan dar cığırlı yolun üzərində 11 istiqamət göstərici dirəkləri quraşdırdılar. Cığırların sıx meşə ilə əhatə olunması səbəbilə ziyarətçilərin yürüşü daha asanlıqla keçmələri üçün ağaclara da xüsusi rənglərlə işarələr vuruldu.
Qalaya qalxan cığırın ümumi uzunluğu 2890 metr, başlanğıc hündürlüyü isə dəniz səviyyəsindən 640 metr yüksəklikdədir. Layihə çərçivəsində tarix-memarlıq qoruğunun girişində qalaya aparan yol cığırlarının xəritəsi, hündürlük, yolun uzunluğu, qalanın kənarında isə bu tarixi məkan haqqında məlumat lövhələri qoyulub.
Bizimlə birgə bu zirvəyə qalxan Sirxan Məmmədov ekoturizm sahəsində fəaliyyət göstərən turizm şirkətlərindən birində çalışır. O deyir ki, hər ay bir neçə dəfə turistləri bu məkana gətirir. Həm yerli, həm də xarici turistlərə bələdçilik etdiyini deyən həmsöhbətim qoruğun turizm baxımından əhəmiyyətli olduğunu bildirir: “Bu cığırlarla qalaya qalxmaq çətinlik dərəcəsinə görə sadədir. Meşənin içərisindən keçən bu marşrutu ilin dörd fəslində qalxmaq olar. Özünü sağlam hiss edən hər bir şəxs rahatlıqla bu marşrutla qalaya qalxa bilər”.
Biz yürüşə hazırlaşarkən ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşı Karter Vilbur da ailəsi ilə birlikdə qalanı ziyarətə gəlmişdi. İstiqamətimiz eyni olduğu üçün birlikdə yolçuluq etdik. Yolboyu Karter Vilburdan ölkəmiz haqqında fikirlərini öyrənməyə çalışdıq. O və həyat yoldaşı Sara Azərbaycan dilini də öyrənə biliblər, ölkəmizlə müəyyən qədər tanış olublar. Səfirlik əməkdaşı deyir ki, Azərbaycanın çox gözəl təbiəti, mədəniyyəti və tarixi abidələri var: “Azərbaycanın turizm potensialı zəngindir. Ölkənizdə bir çox tarixi yerlərdə olmuşam. Çıraqqala haqqında da çox eşitmişdim. Bu gün də həyat yoldaşım və oğlumla buranı görməyə gəldik. Çox maraqlı məkandır. Buraya qalxmaq elə də çətin deyil. Düşünürəm ki, biz bura yenə gələcəyik”.
Bir neçə saatlıq davam edən yürüş maraqlı anlarla yadda qaldı. Odur ki, hava şəraitindən asılı olmayaq ekstrim həvəskarları Çıraqqalaya yürüş etməyə tələsə bilərlər.
Qeyd edək ki, Çıraqqala Böyük İpək Yolu üzərində Gilgilçay müdafiə divarının ən yüksək nöqtəsi olaraq V-VI əsrlərdə tikilib. Hündürlüyü 100-120 metr olan sıldırım qayanın üzərində ucalan baş qüllədən bir tərəfdən Dərbənd, digər tərəfdən Beşbarmaq səddinəcən dəniz sahili boyu ərazini nəzarətdə saxlamaq mümkün olub. 17 bürcdən ibarət qala əsasən yerli daşlardan və bişmiş kərpicdən inşa edilib. Divarların hündürlüyü 8-10 metr, qalınlığı isə 3-4 metrdir.
Azərbaycanın tarixi irsinin və xalqımızın memarlıq ənənələrinin mühüm nümunələrindən olan abidələr kompleksinin gələcək nəsillər üçün saxlanılmasının, bərpasının və mühafizəsinin təmin edilməsi məqsədilə 2003-cü il iyunun 23-də Prezident Heydər Əliyev tərəfindən xüsusi sərəncam imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 27 sentyabr tarixli sərəncamı ilə abidələr kompleksinin ərazisi “Çıraqqala” tarix-memarlıq qoruğu elan edilib.
F.Hüseynov