Uşaq yaşımdan ekrandan, səhnədən tanıdığımız, görüb sevdiyimiz sənətkarların çoxunun yubileyləri artıq üçrəqəmli ədədlə ifadə olunur. Görkəmli səhnə ustası, ömrünün 70 ilini Azərbaycan teatrına və kinosuna sədaqətlə xidmətdə keçirmiş Xalq artisti Ağasadıq Gəraybəylinin də 120 illiyi ölkə miqyasında qeyd olundu.   
   Noyabrın 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında düzənlənən mərasim ölkə başçısı İlham Əliyevin 12 iyul 2017-ci il tarixli sərəncamı ilə qeyd edilən yubileyin əsas tədbiri, həm də yubilyarın ruhunu oxşayacaq bir xatirə gecəsi idi. Zarafat deyil, bu teatrın indi ağsaqqal, ağbirçək yaşına çatmış aktyorları, aktrisaları ilk dəfə onun gözləri qarşısında səhnəyə çıxıblar, onunla bir səhnəni paylaşarkən özlərini xoşbəxt sanıblar. Üstəlik, bu binanın hər daşı onun gur, məxməri səsini xatırlayır, onun gülüşü, hayqırtısı, hönkürtüsü sənət ocağının divarlarına hopub, gözüyumulu qalxanda da büdrəmədiyi pilləkənlər onun ayaq səslərini unutmayıb, yapışdığı məhəccərlərdə əlinin hərarəti qalıb... 
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev səhnədədir. Onun çıxışı, teatrı bilən və qəlbən duyan insanın, yubilyarı uzun illər yaxından tanımış, onunla birgə çalışmış cavan iş yoldaşının xatirələridir. Bu teatrın ənənəsinə sadiq olaraq, birinci və ikinci nəsil peşəkar aktyorlara "qədeş", "əmi" deyə müraciət etmək, onları özünə təkcə səhnədə deyil, həyatda da böyük qardaş, əmi qədər simsar bilmək hər kəsin qismətinə düşən pay deyil ki... 
   Nazir müavini səhnədə böyük aktyorun həyat və yaradıcılığından söhbət açır, salona toplaşmış sənət həvəslilərinə bir də tanıdır. Ağasadıq Gəraybəylinin hələ uşaq ikən səhnəyə gəlişi, böyük Ərəblinski ilə qonşuluğu, Cəfər Cabbarlı ilə sinif yoldaşlığı, ilk səssiz filmlərdə səs salacaq obrazlar yaratması, nəhayət, Azərbaycanda ən qocaman aktyor olaraq səhnəyə çıxması bir kino lenti kimi gözümüzün qarşısından keçir. Ağasadıq Gəraybəyli həm də vətəndaş, gözəl ailə başçısı kimi xatırlanır, şəxsiyyəti bu ştrixlərlə tamamlanır. 
   
   İndisə çıxış növbəsi böyük aktyorun nəvəsinindir. Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli babasının yubileyinin dövlət səviyyəsində keçirildiyinə görə ölkə Prezidentinə, Mədəniyyət və Turizm Nazirliyinə, teatrın rəhbərliyinə, yubiley törəninin baş tutmasında əməyi keçən hər kəsə ailə üzvləri adından təşəkkürünü bildirir. 
   * * * 
   Pərdə qalxınca anlayırsan ki, bu yubiley gecəsi sıradan, ənənəvi qaydada düzənlənmiş bir mərasim olmayacaq. Həqiqətən də, Ağasadıq Gəraybəylinin obrazı olaraq səhnəyə çıxan Xalq artisti Rafiq Əzimovun ĞQardaşım səhnə!ğ müraciəti ilə başlayan monoloqu, aparıcıların yubilyarın həyat və sənət yolu barədə danışdıqları hər kəsin göz yaddaşındakı, sənət xatirəsindəki aktyor Ağasadıq Gəraybəylini yada salır. 
   İlk səhnəcikdəsə balaca Ağasadıq Otello rolunu məşq edən Hüseyn Ərəblinskini seyr edir, qardaşı Ağalarla böyük aktyorun onu səhnəyə çıxmağa razı saldığı zamanı - teatr vurğunluğunun təməli qoyulan günləri yadımıza salır. 
   Səhnədə aktyorun Balaş rolundakı görüntülərini Fikrət Əmirovun "Sevil" operasından Rəşid Behbudovun ifasındakı məşhur "Gör, nə günlərə qaldın, Balaş..." ariyasının lent yazısı davam etdirir. 
   "Sevil" filminin kadrlarını seyr edərkən düşünürəm ki, nə yaxşı ki, kinorejissorlar Ağasadıq Gəraybəylini nəzərdən qaçırmayıblar. Onun səhnədə yaratdığı 200-dək obraz qalereyasına 30-dək filmdə oynadığı rollar da öz bəzəyini vurub. Teatr aktyordan iri formalar, salonun sonuncu cərgəsində eşidiləcək pıçıltı ilə danışmağı, cilalanmış jestlər, səhnəni dolduracaq hərəkətləri bacarıqla yerinə yetirmək tələb edir. Amma film... Bax, bu yerdə saniyənin onda biri qədər qısa anda dəyişən mimika, dərinliyi dəyişən baxışlar, lap kiçik jestlər gərəkdir ki, oynadığın rol mükəmməl obraza çevrilsin. Ağasadıq isə bu cür metamorfozların ustası idi. "O olmasın, bu olsun"da Məşədi İbad dükanında pul sayarkən gözlərinin işartısının artması, Gülnazı ərə getmək üçün dilə tutarkən qızın "mənim borcum ata sözünə qulaq asmaqdırğ cavabından sonra çiyinlərini oynadaraq Sənəmə "gördün?" işarəsini sözsüz çatdırması, "Bəxtiyar" filmində neftçi Bəxtiyarın klubdakı ilk çıxışını komissiya üzvləri ilə bərabər seyr edərək, qadın üzvün bloknotuna boylanması, ümidinin doğrulmasının ona gətirdiyi rahatlığı adicə çiyinlərini arxaya dartmaqla göstərməsi... Aktyorun obraz cəbbəxanasında belə tapıntıların sayı onlarla deyil, bəlkə də yüzlərlədir... 
   
   "Bəxtiyar" filmi demişkən, səhnədə asılmış ekrandakı klub kadrlarını Əməkdar artist Anar Şuşalının "Üzüyümün qaşı" mahnısının canlı ifası, "O olmasın, bu olsun"dakı qonaqlıq səhnəsində Xan Şuşinskinin oxuduğu təsnifi isə Əməkdar artist Təyyar Bayramovun canlı ifası davam etdirir. Canlı ifalar başlayınca da aktyorun kino qəhrəmanları - neftçi-xanəndə tapıntısından məmnun klub müdiri, gözəl xanəndənin ifasından huşyar olmuş müflis bəy kadrları sanki səhnədə baş verənləri, salondakı tamaşaçıları süzür. Əminəm ki, bir zamanlar Azərbaycan səhnəsinin ilk mükəmməl Bələdiyyə rəisi (N.V.Qoqol, "Müfəttiş") obrazını yaratmış aktyorlarından olmuş Ağasadıq Gəraybəyli Xalq artisti Ramiz Novruzun Anton Antonoviç Skoznik-Dmuxanovskisini də çox bəyənərdi. Onun yubiley tədbirinin ssenarisini yazıb səhnə həllini tapan Əməkdar artist Firudin Məhərrəmovun da, Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlunun rəssamlığını da öz təvazökar təbəssümü ilə dəyərləndirərdi. 
   * * * 
   Sənətini sevdiyimiz, səhnədən, ekrandan izlədiyimiz aktyorların hamısı barədə bizim hər birimizin öz xatirəsi var. Mənim xatirimdəki Ağasadıq Gəraybəyli həm də hər il Novruz bayramı ərəfəsində oxuduğum Cəfər Cabbarlı adına orta məktəbdə keçirilən "Cabbarlı gecəsi"nin ən əziz qonaqlarından biri, görkəmli dramaturqla bağlı xatirələrini danışan, məktəb yoldaşı olduğu böyük ədibin əsərlərində yaratdığı obrazlar barədə danışan, səssiz "Sevil" filmində (1929) oynadığı Balaş rolu üzərində çalışmalarını yada salan, məktəblilərin avtoqraf almaq, birgə şəkil çəkdirmək istəyini heç vaxt geri çevirməyən ağsaqqal ziyalıdır. 
   Ağasadıq Gəraybəylinin yubileyi münasibətilə yazılan bütün yazılarda, çıxışlarda onun səhnəyə, aktyor sənətinə sədaqəti xüsusi vurğulanır. Bir məqam da var ki, insanların çoxu bu dünyaya gələndə onlara qoyulan adları əməlləri ilə doğruldurlar. Görünür, artıq iki əsr əvvələ aid edilən uzaq 1897-ci ildə Novruz bayramı ərəfəsində Şamaxıda doğulan oğlan uşağına qoyulan Ağasadıq isminin bir sakral mənası varmış. Axı, məna yükünə diqqət yetirsək, Ağasadıq elə böyük sədaqət deməkdir. Bu adı, gərəkli olmaq anlamını verən Gəraybəyli soyadını daşıyan böyük aktyorun tam isminin açması elə onun həyat missiyası imiş: sənətə Gərəkli olan böyük Sədaqət! 120 yaşın mübarək! 
   
   Gülcahan