Rejissor İlqar Safatın “Nərimanfilm” kinostudiyasında gürcü kinematoqrafçıları ilə birgə çəkdiyi “Sahə” bədii filmi VI Beynəlxalq Kipr kinofestivalında uğur qazanıb. Filmdə çəkilən gürcü aktyoru Zaza Bejaşvili “Bədii filmdə ən yaxşı baş rol” (“Best leading actor in a feature film”) nominasiyasında mükafata layiq görülüb. Festivalda Britaniya, Fransa, İtaliya, Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Bolqarıstan, Türkiyə, Yunanıstan və Rumıniya kimi ölkələr də təmsil olunub. Festival çərçivəsində əsasən gənc rejissorların çəkdiyi komediya, sənədli, idman haqqında və uşaq filmləri nümayiş etdirilib.
“Nərimanfilm” (Azərbaycan), “Georgianfilm” və “Bagira Films” (Gürcüstan) studiyalarının müştərək istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və “Paşa Bank”ın iştirakı ilə ərsəyə gəlib. Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu və Timur Oduşev (Azərbaycan) ifa ediblər.
Ekran əsərinin ssenari müəllifi İlqar Safat, operatorları Konstantin Esadze və Varlam Karçxadze, quruluşçu rəssamları Rəna Əfəndi və Törəxanım Ağabəyova, bəstəkarı Andrey Doynikov, bədii rəhbəri Cəmil Quliyev, prodüseri Nəriman Məmmədovdur.