Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən BXA Kollecinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Aynur Hüseynova üçrəngli bayrağımızın dövlət rəmzi kimi ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il noyabrın 9-da keçirilən iclasında qəbul olunduğunu xatırladıb. Qeyd edilib ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında Cümhuriyyətin bayrağı qaldırılıb. Həmin ilin 29 noyabrında üçrəngli bayraq yenidən Azərbaycanın dövlət bayrağı elan edilib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncama əsasən, 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bu günün bayram edilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından böyük əhəmiyyət daşıyır.
Akademiyanın İctimai fənlər kafedrasının müəllimləri Təranə İsmayılova və Nərgiz Qürbətli Azərbaycanın müstəqillik tarixindən bəhs ediblər.
Tədbirin bədii hissəsində Qənbər Hüseynlinin “Qaytağı” əsəri kollecin tələbələrindən ibarət ansambl tərəfindən səsləndirilib. Kollecin müəllim və tələbələri Azərbaycan rəqslərini ifa ediblər. Quruluşu Yelena Çernousova tərəfindən verilmiş “Sarı gəlin” kompozisiyasının süjet xətti rəngarəngliyi ilə diqqəti cəlb edib. Baletmeyster Fərhad Vəliyev tərəfindən səhnələşdirilən “Bayraq” rəqsi də alqışlarla qarşılanıb.
Sonda BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova xalqımıza qələbə əzmi arzulayaraq tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib.
* * *
Azərbaycan Milli İncəsənət Muzeyində də Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Bakı Avropa liseyi və Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Texniki humanitar liseyin şagirdləri iştirak ediblər. Şagirdlər arasında əlamətdar günlə bağlı viktorina oyunu keçirilib, qaliblər mükafatlandırılıb. “Azərbaycan bayrağı” adlı ustad dərsində uşaqlar kollaj düzəldiblər. Sonda məktəblilər üçün muzeydə ekskursiya təşkil olunub.
* * *
Əlamətdar günlə bağlı daha bir tədbir Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində təşkil edilib. Nəzəriyyə müəllimi Reqina Məcidovanın təşkil etdiyi tədbirdə şagirdlər tarixi gün haqqında danışıb, bayraqla bağlı şeirlər söyləyiblər. Şagirdlərin, məktəbin xor kollektivinin (xormeyster Zemfira Nurullayeva, konsertmeyster Mətanət Nurullayeva), “Alov” rəqs kollektivinin (bədii rəhbər Emil Pənahov) ifasında mahnı və rəqslər tədbirə xüsusi rəng qatıb.