Azərbaycanın zəngin tarix və mədəniyyəti ilə seçilən bölgələrindən biri İrəvan mahalı olub. Qədim qalaları, məscidləri, karvansara və hamamları ilə məşhur olan İrəvanda saz-söz ənənələri də inkişaf edib. Şəhər ötən əsrin əvvəllərində bədnam ermənilərə siyasi mərkəz kimi veriləndən sonra buranın etnik-mədəni sistemi pozulub. Bu yazıda İrəvan aşıq mühitinin bəzi tanınmış nümayəndələrinin həyat və yaradıcılığından söz açacağıq. 
   
   Aşıq Məhər 
   
   Məhər Cəfər oğlu 1870-ci ildə İrəvanın Pəmbək mahalının Hallavar kəndində andan olub. Kiçik ikən anası dünyasını dəyişir. Məhər erkən çağlardan kəndlərində varlı adamların qapısında nökərçilik edir. Deyirlər, tale bir tərəfdən bağlayanda, digər bir tərəfdən də qapı açır. O, boş vaxtlarında kənd toylarında məclis aparan aşıqlara diqqətlə qulaq asır. Görüb-eşitdiklərini yaddaşına köçürür. 
   Araşdırmalarda göstərilir ki, Məhərin təhsili, yazıb-oxuması olmasa da, el şənliklərində bədahətən qoşma, təcnis, bayatı deyib, aşıq havaları ifa edib. Məlahətli ifası dinləyicilər tərəfindən maraqla qarşılanıb. 
   Aşıq Məhər yaradıcı sənətkar olub. Onun “Yaxşıdır”, “Gəlir”, “Deyim”, “Olur”, “Sədi qardaş”, “Əzizin”, “Yoxdur”, “Dağlar”, “Kasıbın” və s. şeirləri daha çox tanınıb. Müəllifin şeirlərində ictimai-siyasi motivlər əksini tapıb. 
   Aşığın məhəbbət ruhunda yazdığı əsərlər də var. “Bu evdə” şeiri yeni ailə quran bir gəncə həsr olunub. Öz sevincini dilə gətirən müəllif bu xoş gün üçün Tanrıya duaçıdır:

   Artıq olsun bu gəlinin hörməti, 
   Başından tökülsün malı, dövləti, 
   Bir cüt corab Aşıq Məhər xələti, 
   Gətirsin geydirsin qarı bu evdə. 
   
   Aşıq Məhər 1937-ci ilin dekabrında vəfat edib.
   
   Aşıq Cəlil
   
   İrəvan quberniyası Vedibasar mahalının Şahablı kəndində doğulan Aşıq Cəlilin təvəllüd tarixi haqqında qaynaqlarda səhih məlumat yoxdur. Mənbələrdə göstərilir ki, bu kənd 1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı rus ordusu tərəfindən ağır dağıntıya məruz qalır. Kənd camaatı el-obadan uzaq düşüb, illər sonra öz yurduna dönüb... 
   Cəlil erkən çağlardan aşıq sənətinə maraq göstərib. Kəndin xeyir işlərində yaxından iştirak edib. Ancaq bu xoş günlərin ömrü uzun olmur. Şahablı kəndi 1918-ci ildə bu dəfə də erməni-rus hücumuna məruz qalır. Kənd camaatı ağır itki verir. Aşıq Cəlil ermənilər tərəfindən əsir götürülür. Mənfur düşmən ondan Andronikin şərəfinə şeir deməsini tələb edir. Ancaq o buna razı olmur. Üzünü Böyük Vedi elinə tutur və həmin dövrdə daşnak-rus birləşmələrinə qarşı vuruşan "Qırmızı tabor"un komandiri Abbasqulu bəy Şadlinskini (1886-1930) köməyə çağırır. O zaman söylədiyi təsirli şeir uzun müddət yaddaşlarda yaşayır: 
   
   ...Vedinin dağları batıbdı yasa, 
   Daşnaqlar istəyir Vedini basa. 
   Bir məktub yazmışam o xan Abbasa, 
   Yazmışam durmasın, haraya gəlsin, 
   Yağı salıb bizi araya, gəlsin!

   Şahablı Aşıq Cəlil 1918-ci ildə erməni quldurları tərəfindən qətlə yetirilib.
   
   Aşıq Yaqub
   
   1881-ci ildə İrəvan mahalının Sürməli qəzasının Hüseynli kəndində dünyaya göz açıb. Yaqub gənclik çağlarında poeziyaya maraq göstərib, saz çalmağı öyrənib. Sürməli qəzasının yaxın-uzaq kəndlərində aşıqlıq edib, el-obanın sevimlisinə çevrilib. Saz-söz sevərlər onun sənətini yüksək qiymətləndiriblər. 
   Hüseynli kəndinin də camaatı 1905-ci il inqilabından sonra ermənilər tərəfindən tez-tez təzyiqlərə məruz qalır. Ona görə də atası Mustafa kişi ailəsi ilə birlikdə 1920-ci ildə Gəncə qəzasının Qızılhacılı kəndinə köçür. Üç il sonra Cavanşir qəzasının Ağdam kəndinə yerləşirlər. Təəssüf ki, Aşıq Yaqubun sonrakı taleyi barədə müfəssəl məlumat yoxdur. Onun 1920-ci ildə vəfat etdiyi bildirilir. 
   Aşığın yaddaşlarda yaşayan “Qaçqını” rədifli qoşması bizlərə gəlib çatıb. 
   
   Şikayət eylərəm parlamanlara, 
   Bir yol bulub, böylə qoyma qaçqını. 
   Qanlı göz yaşları göllərə dönüb, 
   Yazıqdı, incidib söymə qaçqını.
   
   Varrı olan öz varıynan ucalar, 
   Yaqub da danışar, dildən bac alar. 
   Yoxsul oğlan iyirmi beşdən qocalar, 
   Gəncə mahalında əymə qaçqını.
   
   Müəllif şeirdə qaçqın həyatının dözülməz çətinliklərinə diqqəti çəkir. El-obasından didərgin düşən insanlara biganə münasibətə qarşı səsini ucaldır. 
   
   Savalan Fərəcov