Ölkənin tarixində, siyasi-iqtisadi həyatında baş verən köklü dəyişikliklər onun mədəniyyətində də dərin izlər qoyur. Bu baxımdan 20 il əvvəl Sovet İttifaqının süqutu və Azərbaycanın qapalı bir siyasi sistemdən çıxaraq müstəqilliyə qovuşması incəsənətimizdə, o cümlədən kinoda yeni səhifə açdı. Müstəqilliyimizin ilk illərində, bütün sahələrdə olduğu kimi, kino sənayesində də böhran müşayiət olundu.
   
   Lakin 90-cı illərin əvvəlində ağır müharibə və iqtisadi çətinliklər şəraitində yaşayan Azərbaycanda bir neçə uğurlu və vətənpərvərlik ruhunu əks etdirən ekran əsəri çəkildi. Bu sırada mərhum rejissor Ceyhun Mirzəyevin Qarabağ müharibəsindən bəhs edən “Fəryad” filmini (1993, ssenari müəllifi Vaqif Mustafayev) xüsusi qeyd etmək lazımdır. Sonrakı illərdə lentə alınan “Ağ atlı oğlan” (1995, rejissor Ənvər Əbluc), “Hər şey yaxşılığa doğru” (1997, ssenari müəllifi və rejissor Vaqif Mustafayev) və s. filmlər müharibə dövrünü əks etdirirdi.
   Kinoşünas Aydın Kazımzadə 90-cı illərin çətin keçid dövrünün əksər postsovet ölkələrində yaşandığını bildirdi: “Böhranlı vəziyyət kinodan da yan ötmədi. Azərbaycan kinematoqrafçılarının yeganə iş yeri sayılan C.Cabbarlı adına kinostudiyada iş faktiki olaraq dayandı, laboratoriya bağlandı, pavilyon yararsız hala gətirildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra kinostudiyanı bu vəziyyətdən çıxarmaq üçün tədbirlər görülməyə başlandı. “Azərkinovideo” ləğv edildi və kino istehsalı üzrə bütün səlahiyyətlər o vaxtkı Mədəniyyət Nazirliyinə verildi. Bundan sonra milli kinomuz dirçəlməyə başladı. Bununla yanaşı, kinoda kadr problemi vardı. Sonrakı mərhələdə bu problem də aradan qaldırıldı, kinoya gənclərin gəlişinə geniş imkanlar yaradıldı, kinonun inkişafı ilə bağlı dövlət proqramı qəbul olundu. Bu gün Azərbaycanda istehsal edilən filmlərin sayında və keyfiyyətində inkişaf müşahidə olunur”.
   Aydın Kazımzadə sovetlər dövründə respublikada çəkilən filmlərin beynəlxalq festivallara çıxa bilmədiyini qeyd edərək bu gün Azərbaycan filminin hətta “Oskar” mükafatına belə təqdim edildiyini vurğuladı: “Gənc kinematoqrafçılarımız xüsusilə beynəlxalq festivallarda fəal iştirak edir, uğurlar qazanırlar. Ümid edirəm ki, istedadlı gənclər gələcəkdə Azərbaycan kinosunun tarixində yeni uğurlara imza atacaqlar”.
   Artıq üçüncü tammetrajlı bədii filmini çəkən kinorejissor Samir Kərimoğlu da Azərbaycan kinosunda yeni adların bu sahəyə yeni uğurlar gətirəcəyinə inanır: “Kinoya dövlət qayğısı, xüsusən gənclərin kinoya gəlməsi üçün yaradılan şərait son illər çəkilən filmlərlə özünü büruzə verir. Kino biznesi, kino istehsalatı durmadan genişlənir. Tammetrajlı, qısametrajlı, sənədli, bədii, hətta cizgi filmi istehsalı üzrə həm gənclər, həm də yaşlı nəslin nümayəndələri maraqlı filmlər çəkir. “Sahə”, “İlahi məxluq” filmlərinin adını çəkmək istərdim. Rejissor kimi mənim Azərbaycan kinosunda az da olsa payım var. Hazırda Qarabağ müharibəsinə həsr olunmuş “Mən evə qayıdıram” filminin montaj prosesi gedir. Film haqqında onu deyə bilərəm ki, texniki göstəricilərinə görə heç də əcnəbi filmlərdən geri qalmır. Bundan sonra da çalışacağam ki, kinomuz üçün daha layiqli işlər görüm”.
   “Sahə” filmi ilə Azərbaycan kinosuna bir neçə mükafat gətirən rejissor İlqar Safat da kinonun inkişafından danışdı: “Uzun illər Vətəndən uzaqda işləməyə məcbur idim. Bu böyük təcrübə qazanmağıma səbəb oldu. İndi burada işləmək və öz yaradıcı potensialımı vətənimdə həyata keçirmək imkanım var. Çox xoşdur ki, “Sahə” filmi Azərbaycan hüdudlarını aşdı. Film haqqında Amerika, Avropa və Rusiya kino tənqidçiləri öz fikirlərini bildiriblər və onların çoxu müsbət rəy daşıyır. Yerli tamaşaçılarımız da filmi bəyəndi. Azərbaycan kinosunun kinoteatr problemi var və indi onun həlli üçün müəyyən işlər görülür. İstərdim ki, Azərbaycan tamaşaçısı kinoteatrlara qayıtsın və bizim bütün yeni filmlərimizi seyr etmək imkanına malik olsun. Gənc rejissorlara isə dövlət, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılan imkanlardan maksimal dərəcədə istifadə etməyi arzulayıram”.
   Ötən 20 il milli kinomuzun tarixində də özlüyündə bir mərhələdir. Xüsusilə son 10 ildə yaradılan ekran əsərləri bu sahədə qazanılan uğurlardan xəbər verir. Bu illərdə kino tariximizə maraqlı filmlər əlavə olunub: “Milli bomba” (2004), “Küçələrə su səpmişəm” (2004), “Girov” (2005), “Yalan” (2006), “Qala” (2008), “Niyyət” (2009), “İlahi məxluq” (2009), “Sahə” (2010) və s. 2007-ci ildən başlayaraq hər il keçirilən “Bu meydan, bu ekran” kino müsabiqəsi gənclərin kinoya gəlməsinə əlavə imkanlar açıb. Növbəti onilliklərdə Azərbaycan kinosunu dünya bazarında daha parlaq görmək ümidilə...
   
   Reyhan İsayeva 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar