Azərbaycan Xalça Muzeyinin yubileyi münasibətilə sərgi açılıb
   
   Noyabrın 16-da Azərbaycan Xalça Muzeyində “Xəzinənin yeni inciləri” adlı sərginin açılış mərasimi keçirildi. Sərgi muzeyin yaranmasının 50, görkəmli xalçaçı-rəssam Lətif Kərimovun 110 illiyi çərçivəsində təşkil edilib.   
   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək muzey əməkdaşlarını təbrik etdi. Azərbaycan xalçasının tarixindən, ölkəmizdə xalçaçılığın inkişafından danışdı: "Xalça bizim mədəniyyətimizin ayrılmaz hissəsidir. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə xalçaçılığın dünyaya tanıdılması istiqamətində böyük işlər görüldü. Bu gün dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə diqqət və qayğısı sayəsində qədim xalq sənətimiz inkişaf etdirilir, beynəlxalq miqyasda layiqincə təbliğ olunur. Fürsətdən istifadə edib bu diqqət və qayğıya görə, ölkə başçısına və Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm.
   Azərbaycan Xalça Muzeyi üçün ən müasir şəraitə malik olan və memarlıq abidəsinə çevrilən bina inşa olunub. Azərbaycan xalçası UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilərək bəşəriyyətin inciləri sırasında qorunur".
   Əbülfəs Qarayev qeyd etdi ki, Xalça Muzeyində Azərbaycanın tarixi, mədəni irsi qorunur. Azərbaycan xalçaçılıq sənətini elmi kitablarda ayrı-ayrı kateqoriyalarda yaşadırıq: “Bu gün elmi tədqiqatlar, xalçaçılığa aid elmi kitablar bu sahənin elmi kateqoriyaya aid olduğunu bir daha sübut edir. Bu yaxınlarda Bakıda V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu keçirildi. İndi Azərbaycan xalçaçılıq məktəbinin əsas məqsədi əsrlərdir yaşayan bu sənət növünü daha da inkişaf etdirməkdir. 
   Nazir daha sonra dövlət başçısının müvafiq sərəncamları ilə təltif olunmuş muzeyin bir qrup əməkdaşına fəxri adların nişanını, Prezidentin fəxri diplomunu və “Tərəqqi” medalını təqdim etdi.
   Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək son zamanlar gördükləri işlərdən, həyata keçirilən layihələrdən, Azərbaycan xalçalarının dünyada tanıdılması və təbliği istiqamətində atılan addımlardan söz açdı.
   Tarixi eksponatlardan danışan Şirin Məlikova son iki il ərzində muzeyə xalça, milli geyim, zərgərlik, batika və tikmə nümunələri, habelə arxeoloji qazıntılar zamanı tapılan müxtəlif əşyaların daxil olduğunu dedi. Vurğulandı ki, sərgidə bu nümunələrdən yeddi dəyərli eksponat təqdim olunur. Onların arasında incə tərtibatı ilə seçilən zinət əşyaları, nadir milli geyim nümunələri və XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Şirvanda toxunmuş böyük dəyərə malik “Şamaxı” xalçası da var. Bu xalça hazırda muzeyin xovlu xalça kolleksiyasının ən qədim eksponatları siyahısındadır. 
   Tarixi və bədii dəyəri ilə yanaşı, xalça muzeyin tarixində xarici hərracda əldə olunan ilk eksponat olması ilə də maraqlıdır. Xalça 2017-ci ildə Avstriya auksion şirkətindən (Austria Auction Company) əldə edilib. “Bəndi-rumi” və “Xanalı” kompozisiyası əsasında toxunmuş xalça öz texniki xüsusiyyətləri, ornamenti, rəng və digər amilləri ilə unikaldır. Xalçanın kompozisiyası Səfəvilər dövrünün saray xalçalarının ruhunu və Şirvan xalça qrupunun həndəsiləşmiş ornamentlərini əks etdirir.
   Şirin Məlikova daha sonra muzeyin kollektivi adından Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlanmış minnətdarlıq məktubunu oxudu.
   Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, “Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov, muzeyin keçmiş direktoru Röya Tağıyeva və başqaları çıxış edərək Azərbaycan mədəniyyəti və incəsənətində xalça sənətinin önəmli yerindən danışdılar.
   Daha sonra Heydər Əliyev Fondu tərəfindən xaricdə auksionda alınmış XVIII əsrə aid Azərbaycan xalçası muzeyə hədiyyə olundu.
   Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından bir hissə nümayiş olundu.
   Tədbir iştirakçıları daha sonra sərgi ilə tanış oldular.
   
   Fariz