Ötən il Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyədə fəaliyyətə başlayan ölkəmizin turizm təmsilçiliyi - “Gateway” şirkəti tərəfindən turizm imkanlarımızın tanıdılması istiqamətində addımlar atılır. Mütəmadi olaraq qardaş ölkənin mətbuatında Azərbaycanla bağlı yazılar dərc olunur, tanıtım layihələri icra edilir. Belə layihələrdən biri də “Sən də Azərbaycanı gör” devizi altında həyata keçirilən fotosərgidir.
Sərginin keçirildiyi növbəti məkan İstanbuldakı “Cəvahir” alış-veriş mərkəzi olub. Burada Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, əsrarəngiz təbiətini, turistik yerlərini, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafın göstəricilərini əks etdirən şəkillər nümayiş olunur.
Turizm təmsilçiliyinin rəhbəri Nurlana Çakmak sərgi haqqında məlumat verib. Bildirib ki, sərgidə böyük turizm potensialına malik Azərbaycana həsr olunmuş 30-dək foto nümayiş olunur: “Biz dost və qardaş ölkələrik. Sərgi ilə “sən də Azərbaycanı gör” deyirik və hər kəsi gözəl ölkəmizə dəvət edirik. Bu fotosərgi ilə Azərbaycanın fərqli yönlərini göstərmək istəyirik”.
Sərgidə nümayiş olunan fotoşəkillər Azərbaycanın hotelçilik xidməti, mədəniyyəti, kurort bölgələri, sağlamlıq turizmi imkanları barədə ziyarətçilərdə aydın təsəvvür yaradır. Sərgilər Türkiyə mətbuatında geniş işıqlandırılıb.
Qeyd edək ki, “Gateway” şirkəti bundan əvvəl İstanbulun Yenikapı Metrosu, Topkapı Türk Dünyası Şəhərciyi, Türkiyənin Bilgi Universitetinin Santral İstanbul Kampusu və s. məşhur məkanlarda da eyniadlı sərgilər təşkil edib.