Dövlət müstəqilliyimizin bərpasından cəmi bir il sonra - 1992-ci il noyabrın 17-də mətbuat dünyasına göz açan “525-ci qəzet” 25 yaşına yetişdi. 17 noyabr - Milli Dirçəliş Günündə doğulmağın özündə də bir özəllik var! Əslində bu qəzet elə ilk saylarından Azərbaycan həyatının bir çox məqamlarında milli dirçəliş missiyasına xidmət edib.
“525-ci qəzet” nəşrə başladığı ilk gündən mühüm ictimai-siyasi və mədəni proseslərə daima həqiqi vətəndaşlıq və fəal jurnalistika prizmasından yanaşması ilə seçilib, geniş oxucu auditoriyasının, bütövlükdə Azərbaycan cəmiyyətinin rəğbət və etibarını qazanıb. Gənc respublikamızın taleyüklü məsələləri ilə bağlı hər zaman dövlətçilik mövqeyində dayanan “525-ci qəzet” adındakı sayın yüzlüklə ifadə edilməsinə baxmayaraq, özü bir mətbu orqan olaraq hər zaman ilk onluqdadır.
Öz yaşıdı olan bir çox dərgilərdən, qəzetlərdən fərqli olaraq, “525-ci qəzet” heç zaman mədəniyyəti, ədəbiyyatı, Azərbaycan insanının mənəvi dünyasını arxa plana salmadı. Üstəlik, ədəbiyyata, həm tanınan yazıçılar, həm də yeni yazmağa başlayan ədəbiyyat həvəsliləri üçün söz-sənət meydanı oldu. Azərbaycanın çağdaş ədəbi mühitində gedən proseslərdə “525-ci qəzet”in təqdirəlayiq münasibəti və faydalı təsirini dana bilmərik. Qəzetin bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində bir neçə il əvvəl yaranan “525 kitab” seriyası maraqlı və əhəmiyyətli nəşrlərlə oxucuların görüşünə gəlir. Yenə də nazirliyin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyinin nəzdində, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin rəhbərliyi altında Gənc Ədiblər Məktəbi fəaliyyətdədir. Bu məktəbin görüş və toplantıları da qəzetdə davamlı işıqlandırılır, nəşr burada yetişən müəlliflərin yeni ədəbi nəslin aparıcı simaları kimi formalaşmasında böyük rol oynayır.
Ölkəmizin mədəni həyatında baş verən mühüm hadisələr “525-ci qəzet”in səhifələrində maraqlı materiallarla işıqlandırılır. Qəzet Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq və ölkə miqyaslı layihələrinə geniş yer ayırır. Son illər paytaxtımızda uğurla gerçəkləşən beynəlxalq teatr konfransları, kitab sərgi-yarmarkaları, ümumiyyətlə, mədəniyyət və turizm sahələrinə aid bütün tədbirlər - simpozium və konfranslar, müsabiqə və sərgilər, təqdimatlar, müzakirələr, görüşlər “525-ci qəzet”də dolğun əksini tapır. Bax, elə redaksiyanın fəaliyyətindəki bu prioritetlər “525-ci qəzet”i bizim qəzetə bir köynək yaxınlaşdırır.
25 illik yubiley münasibətilə baş redaktor Rəşad Məcid başda olmaqla, “525-ci qəzet”in bütün yaradıcı və texniki heyətini, bu qəzetlə əməkdaşlıq edən müəllifləri «Mədəniyyət» qəzetinin kollektivi adından təbrik edir, sizlərə həm həyatda, həm də mətbuat aləmində uzun ömür, sağlam ruh, möhkəm əqidə arzulayırıq.
Qələmi belə saxla, “525-ci qəzet”! Adın həmişə Azərbaycan mətbuatının ilk onluğunda çəkilsin!