UNESCO-nun Parisdəki mənzil-qərargahında qurumun Dünya İrs Komitəsinin növbədənkənar sessiyası keçirilib. Sessiyada komitəyə seçilmiş 12 yeni üzv ölkə də iştirak edib. Xatırladaq ki, Azərbaycan 2015-ci ildə dörd il müddətinə bu komitəyə üzv seçilib.
Növbədənkənar sessiyada Azərbaycan növbəti il üçün komitənin vitse-prezidenti seçilib və Bəhreyn, Braziliya, İspaniya, Zimbabve, Çin ilə yanaşı, komitənin Bürosuna üzv olub.
Dünya İrs Komitəsinin növbəti il üçün sədri Bəhreyn seçilib. Gələn il komitənin 42-ci sessiyasının Bəhreynin paytaxtı Manamada keçirilməsi planlaşdırılır.
Dünya İrs Komitəsi mədəni və təbii abidələrin mühafizəsi üzrə UNESCO Konvensiyasının (1972) effektiv icrası, mədəni və təbii abidələrin Dünya irs siyahısına daxil edilməsi, eləcə də bu abidələrin mühafizəsi və mədəni irsin qorunması üzrə digər önəmli qərarların verilməsinə cavabdeh olan qurumdur.
Ölkəmizin Dünya İrs Komitəsi Bürosuna seçilməsi yuxarıda qeyd olunan məsələlərlə bağlı qərarların qəbulunda, eləcə də komitə sessiyalarının gündəliyinin formalaşdırılmasında yaxından iştirak etmək imkanı yaradır.
Qeyd edək ki, Azərbaycanın iki mədəni abidəsi - 2000-ci ildə İçərişəhər, 2007-ci ildə isə Qobustan qoruğu Dünya İrs Komitəsi tərəfindən Dünya irs siyahısına daxil edilib. Hazırda ölkəmiz tərəfindən yeni abidələrin bu siyahıya daxil edilməsi istiqamətində fəal iş aparılır.