Yeni il öncəsi paytaxt teatrsevərlərini sürpriz gözləyir. A.Raykin adına Rusiya Dövlət «Satirikon» Teatrı ilk dəfə Bakıya gələcək. Qastrol tamaşaları 22-23 dekabr tarixində S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında oynanılacaq. 
   Dekabrın 22-də «Konstantin Raykin. Öz səsimlə» monotamaşası təqdim ediləcək. Monotamaşada teatrın bədii rəhbəri, Rusiyanın Xalq artisti Konstantin Raykin sevdiyi şairlər Aleksandr Puşkin, Osip Mandelştam, Lope de Veqa, Nikolay Zabolotski və başqalarının şeirlərini ifa edir. Hər müəllifin əsərlərini söyləməzdən öncə K.Raykin həmin şairin poeziyası barədə öz fikirlərini tamaşaçılarla bölüşür. O, tamaşa barədə belə deyir: «Mən özüm də bu tamaşada ifa etdiyim şeirlər kimi müxtəlif janrlardan ibarətəm. Gözəl poeziya - insan qəlbinin xüsusi bir halıdır. Mənim üçün səhnədən şeir söyləmək elə rol oynamaq, tamaşada monoloq demək kimidir. Şeir də istənilən dramatik rol kimi səhnə qanunlarına tabedir». 
   Qeyd edək ki, monotamaşa 2 saat, fasiləsiz davam edir. 
   Dekabrın 23-də isə «Konstantin Raykin. Öz səsimlə» monotamaşası ilə yanaşı J.B.Molyerin eyniadlı pyesi əsasında hazırlanmış «Zorən təbib» birpərdəli tamaşası da nümayiş etdiriləcək. Konstantin Noviçkov, İlya Roqov, Yelena Qolyakova, Rozaliya Kayumova, Ulyana Lisitsina, Yaroslav Medvedyev və Daniil Puqayevin iştirak etdiyi tamaşanın quruluşçu rejissoru Konstantin Raykin, səhnə quruluşunun müəllifi Boris Valuyev, geyim rəssamı Mariya Danilovadır. 
   
   Gülcahan