Artıq neçə ildir ki, yerli telekanallarımız xarici teleserialların nümayişində sanki yarışırlar. Mövzu, mənəvi, əxlaqi meyarlar, məişət mədəniyyətimiz və daha bir çox məqamlara görə bizə yabançı olmasına baxmayaraq efirimiz hələ də əcnəbi serial bumu yaşayır. Paralel olaraq "Bizim öz milli teleseriallarımız olmalıdır" fikri ətrafında da tez-tez müzakirələr aparılır.
   
   Təbii ki, burada milli serialların mövzusu, bədii keyfiyyəti və s. məqamlarla yanaşı, məsələnin maliyyə tərəfi də gündəmə gəlir. Bu məsələ isə ölkə prezidentinin 9 sentyabr 2011-ci il tarixli “Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında” sərəncamı ilə xeyli dərəcə həllini tapıb. Sərəncama əsasən, milli telefilmlərin, habelə teleserialların çəkilişi üçün Milli Televiziya və Radio Şurasına 5 milyon manat vəsait ayrılıb. Sərəncam telekanalların kino istehsalı ilə məşğul olan birlik və redaksiyalarını, eləcə də özəl prodakşnları hərəkətə gətirib.
   İndi “serialları kimlər çəkməlidir” sualı ətrafında diskussiyalar gedir. Hərçənd tamaşaçı üçün önəmli olan ekran əsərini kimin çəkməsi deyil, necə çəkilməsidir. Bu yerdə isə hər şeydən öncə təcrübə, peşəkarlıq öz sözünü deyir. Hələlik bizim teleekranda nümayiş olunan yerli seriallarda çatışmayan başlıca cəhət məhz təcrübəsizlikdir. Nəzərə alaq ki, Azərbaycan tamaşaçısı xarici seriallarda yüksək keyfiyyətli görüntü, aktyor oyunu, maraqlı quruluş görüb. Məlumdur ki, ölkəmizdə serialın texniki baxımdan yüksək səviyyədə ərsəyə gəlməsi üçün müəyyən şərait mövcuddur. Bir çox şirkətlərin bazasındakı yüksək səviyyəli rəqəmsal kameralar, müxtəlif işıq avadanlıqları və digər texniki vasitələr yetərincədir. Deməli, ən önəmli iş yaradıcı məsələlərdədir. Yaxşı ssenari, peşəkar kollektiv. Məlumdur ki, seriallara daha çox aktyor oyununa görə baxılır. Bu baxımdan rejissorun quruluşu ilə bərabər aktyor oyunu da önəmli amillərdəndir.
   
   Milli seriallar var, amma...
   
   «Bizə öz serialımız lazımdır» tələbatından yaranan bu nümunələr elə də çox olmasa da, həddən ziyadə müzakirələr doğurub. Onları gah gülünc, gah bayağı və səviyyəsiz, gah da ümumiyyətlə gərəksiz adlandırıb imtina ediblər. Çünki görülən iş onu icra edəndən peşəkarlıq tələb edir. Bizdə isə hələlik çəkilən milli seriallara baxdıqda peşəkar yanaşmadan daha çox primitivlik görmək mümkündür. Təbii, bunun da müxtəlif səbəbləri var.
   Digər tərəfdən Azərbaycan tamaşaçısı dünya kinosunu, xarici film və seriallara kifayət qədər bələd olduğundan ona təqdim olunan yerli telenovellaları, serialları bəsit və bayağı adlandırır. Bütün hallarda zaman göstərir ki, bizə öz seriallarımız lazımdır.
   
   Serialları kimlər çəkməlidir?

   
   Əslində dünya təcrübəsində teleserialları kino şirkətləri - prodakşnlar istehsal edərək telekanallarda yayımlayırlar. Yəni serial çəkmək kino şirkətlərinin, efir isə telekanalların işidir. Bizdə isə 1+1=2 kimi aydın olan bu məsələ ətrafında da müzakirə və mübahisələr var. Əksər telekanallar serialları özləri çəkmək iddiasındadır. Təbii ki, prodakşnlar da bunun əksini düşünürlər. Mövzunun aktuallığını nəzər alıb hər iki tərəfin mövqeyini əks etdirməyə çalışdıq.
   Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin ”Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin baş redaktoru Yaqub Əlioğlu: «Prezidentin milli telefilm və seriallarla bağlı belə bir sərəncam imzalaması Azərbaycan incəsənəti, mədəniyyəti üçün olduqca vacib bir addımdır. Bu gün tamaşaçı bizdən milli filmlər, baxımlı seriallar gözləyir və prezidentin sərəncamı bu işlər üçün mühüm imkanlar açır. Bu əslində kino mədəniyyətimizə qayğı və gələcəkdə böyük kinoya qoyulmuş kapitaldır. O ki qaldı sərəncamdan irəli gələn məsələlərə, bizim telekanalda bu sahədə böyük təcrübə olduğu hər kəsə bəllidir. ”Azərbaycantelefilm” Yaradıcılıq Birliyi artıq 50 ildən çoxdur ki, televiziya filmləri istehsal edir. 1959-cu ildən 2010-cu ilədək təxminən 1000 adda 900 saat həcmində sənədli və bədii film istehsal edilib. Bu, Azərbaycan tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, iqtisadiyyatına həsr olunmuş nümunələrdir.
   Təkcə 2010-cu ildə 50 adda sənədli televiziya filmi çəkmişik. Burada istehsal olunan filmlər Azərbaycan mədəniyyətinin canlı salnaməsidir desəm, yanılmaram. Ümumilikdə Azərbaycan televiziyası bir məktəbdir və digər kanalların həm yaradıcı, həm də texniki heyəti məhz bu televiziyanın “şinel”indən çıxıb. Burada filmlərin çəkilişi üçün hər cür texniki şərait və peşəkarlar var. Ümumiyyətlə milli serial anlayışının əsası da AzTV-də qoyulub. Lütfi Məmmədbəyovun çəkdiyi «İtkin gəlin» serialını yada salın. Azərbaycan televiziyasında serial ənənəsi var və biz yeni, baxımlı ekran əsərləri istehsal etmək iqtidarındayıq. Çalışacağıq ki, çəkəcəyimiz seriallar tamaşaçı zövqünü oxşasın”.
   İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Carçı film” Yaradıcılıq Birliyinin baş redaktoru Rafiq Səməndər: «Birliyimizin üç il öncə yaranmasına baxmayaraq, bizdə təxminən 100-ə qədər bədii televiziya filmi çəkilib. Bu nümunələr müəyyən mənada xarici teleseriallardan tamaşaçını yayındıra bilir. Biz ilk öncə klassik nümunələrə müraciət etmişik. Tamaşaçıya təqdim olunan bu işlərə olan maraq göstərdi ki, milli filmlər, klassiklərimizin əsərləri hər zaman maraqlıdır. Son illər isə biz daha böyük layihələrə başlamışıq. Hazırda bizdə 7 seriyalı «Qarabağnamə» serialı hazırlanır. Bundan əlava 15 seriyalı «Döngələr» bədii serialı üzərində çalışırıq. Bu mövzu barədə danışarkən bəzi həmkarlarımız “reytinqə xidmət edən seriallar çəkilməlidir” fikri üzərində dayanırlar. Bu da əsasən ailə-məişət seriallarıdır. Hazırda iş masamın üzərində bu mövzuda 100-ə yaxın ssenari var. Bunlar isə bizə lazım deyil. Bizim seriallarımız tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi, mənəviyyatımızı göstərməlidir. Çox əfsuslar ki, bəzi telekanalların çəkdiyi seriallarda vətənpərvərlik, milli təəssübkeşlik, adət-ənənələr, azərbaycançılıq çatışmır. Bu məişət mövzulu filmlər bu gün üçündür, 5-10 ildən sonra onlara heç kim baxmayacaq».
   ANS Müstəqil Yayım və Media Şirkətinin "Bakı Film" Kinostudiyasının baş redaktoru Kamran Qasımov: «2006-cı ildən fəaliyyət göstərən kinoşirkətdə «Qızlar», «Qaydasız döyüş», «Yaddaş» televiziya seriallarını çəkmişik. «Bakı Film» piar yolu və öz daxili imkanları hesabına kinonu biznesə çevirərək prodüser kinosu yaradan və çəkən yeganə təşkilatdır. Kinostudiyamızın təqdim etdiyi işlərin məqsədi də məhz ölkə prezidentinin sərəncamında göstərilən məqamlarla bağlıdır. Biz vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərləri əks etdirən filmlər çəkirik və çəkəcəyik də. Biz filmləri nə şəxsi marağımıza, nə də hər hansı festivalın formatına görə yox, sırf Azərbaycan xalqının mənəvi dəyərlərinin təbliğinə, onun özünü özünə göstərmək məramına kökləmişik. Serialların tamaşaçı auditoriyasına gəlincə, burada mövzu seçilərkən ilk olaraq yüksək səviyyəli və ideyalı məsələlərə fikir verilməlidir. O mövzular ki, sözün əsl mənasında xalqın ürəyindən xəbər versin. Hətta ailə-məişət mövzularını da işləyərkən də milliliyimizi saxlamalıyıq. Azərbaycanda serial yaradıcılığı olmalıdır və bu işi peşəkarlar görməlidir. Hər serialı xalqımıza yaxın buraxa bilmərik».
   «Ritm production»un direktoru Xaqani Savalan: «Teleserialların çəkilişi üçün müvafiq şərait və vəsaitin ayrılması bir kinematoqrafçı kimi məni də çox sevindirdi. Düşünürəm ki, müəyyən mənada tamaşaçını yad, bayağı təsirlərdən azad edəcək nümunələr yaratmaq olar. Təbii, ilk vaxtlar bu elə də asan olmayacaq. Çünki artıq neçə illərdir ki, tamaşaçılarımız türk, rus, Latın Amerikası seriallarına baxırlar və kino zövqlərini o nümunələrə uyğun formalaşdırıblar. Amma bu o demək deyil ki, bizim öz milli serialımız olmamalıdır. Digər tərəfdən, ümumiyyətlə serial istehsalı çox pul aparan layihələrdir. Məsələn, Türkiyədə hər seriyanın çəkilişi üçün orta qiymət 300-350 min dollardır. Bizdə isə, təbii ki, o pulları tapmaq mümkün deyil. İkincisi, bizdə hələ Türkiyə qədər nə texniki imkanlar, nə də serial peşəkarları var. Amma normal ssenari, peşəkar yaradıcı qrup və peşəkar aktyorlar yığılsa, normal iş ortaya qoymaq olar. Əgər serialları kino şirkətləri, prodakşnlar çəkərsə. Əslində elə serial çəkmək bizim, yayımlamaq isə telekanalların işidir».
   “Pozitiv media” prodakşn şirkətinin direktoru Rövşən İsax: «Hazırda bir serialın çəkilişlərinə başlamışıq. Çalışacağıq ki, baxımlı olsun. Çünki professional texnika və heyətlə işləyirik. Düşünürəm ki, seçdiyimiz mövzu tamaşaçıların diqqətini çəkəcək. Bir il boyunca bu işlə məşğul olacağıq. Məncə, serial film istehsalından da çətindir. Bunu təcrübə göstərəcək ki, kim, hansı rejissor serial çəkə bilər. Bu günədək bizdə çəkilən seriallar əsasan statik komediyadır və təəssüf ki, onların elə də uğurlu nümunələri olmayıb. Serialları kimin çəkməsi məsələsinə gəlincə, burada yeni kəşflərə ehtiyac yoxdur. Biz də axına qoşularaq dünya təcrübəsinə söykənməliyik. Serialı prodakşnlar çəkməlidir, amma təbii ki, telekanalla sıx əməkdaşlıq şəraitində».
   Rəylərdən də göründüyü kimi, hər iki tərəf serialın nəinki istehsalı, hətta baxımlı olması barədə də iddialıdırlar. Ancaq bizdə teleseriallar çəkmək üçün təcrübənin formalaşmasına nə qədər vaxtın lazım olduğu, ümumiyyətlə, teleserialların çəkilməsi üçün rejissor, aktyor, ssenarist potensialının olub-olmaması hələ də düşündürücü suallardır.
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar