Noyabrın 14-də ABŞ səfiri Robert Sekuta və xanımı Anna Sekuta Salyana səfər edib.
Səfir əvvəlcə şəhərdəki Cümə məscidinə baş çəkib, sonra şəhər Mərkəzi kitabxanasında yerləşən Amerika guşəsi ilə tanış olub. Diplomat burada ingilis dilinin öyrənilməsi və təhsil proqramlarının mənimsənilməsi prosesi ilə maraqlanıb, ABŞ-da təhsil almaq istəyən şagirdlərlə görüşüb.
Səfir bildirib ki, guşənin açılması iki ölkə arasında dostluq əlaqələrini daha da inkişaf etdirəcək. Burada ingilis dilini öyrənmək və təhsil proqramlarını mənimsəmək üçün lazımi şərait yaradılıb.
Qeyd edək ki, səfirliyin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq sayəsində həyata keçirdiyi Amerika guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhər kitabxanalarında fəaliyyət göstərən regional Amerika guşələri daxildir. Guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar, bu ölkədə təhsil və mübadilə proqramları haqda lazımi məlumat əldə etmək imkanları yaradır, həmçinin mühazirələr, danışıq klubları, hər bir icma nümayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətləri təqdim edir.