Noyabrın 14-də Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və “ASAN Könüllüləri” təşkilatı arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədi ATMU-nun rektoru İlham Mədətov və “ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov imzalayıblar.
Rektor İlham Mədətov qeyd edib ki, memorandum gənclərdə təhsil və elmə olan marağın artırılması, turizmin müxtəlif sahələri və istiqamətləri üzrə könüllülük fəaliyyətinin təşviq olunması, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə müvafiq tədbirlərin icrası və digər qarşılıqlı maraq kəsb edən məsələlərdə əməkdaşlığı əhatə edir. Rektor qeyd edib ki, “ASAN Xidmət” bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək “ASAN Xidmət”in fəaliyyəti ilə yaxından tanış olublar. Sənədə əsasən, ASAN könüllüləri ATMU tərəfindən təşkil olunacaq yerli və beynəlxalq tədbirlərin təşkilinə cəlb olunacaqlar.
Fariz Hüseynov