Son illər Göyçay nar, Quba alma, Şəki şirniyyat, Sabirabad qarpız, Balakən xurma, Naxçıvan göycə festivallarına ev sahibliyi edir. Bu günlərdə belə bölgələrin sırasına daha biri əlavə olunub. Zaqatala rayonunda ilk dəfə Fındıq festivalı keçirilib.
Xatırladaq ki, fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə görə dünyada dördüncü yerdə qərarlaşıb. Respublikamızda ildə təxminən 35 min ton fındıq istehsal olunur. Azərbaycanda fındıq istehsalının böyük hissəsi Zaqatala rayonunun payına düşür.
Noyabrın 18-də Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan festivalda respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin təmsilçiləri, o cümlədən Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori, təşkilatçı qurumların rəsmiləri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını nümayiş etdirməkdən ibarətdir.
Rayon rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Dədə Qorqud meydanında keçirilən festivalda qonaqlar bal şərbətindən və fındıqlı çörəkdən dadıblar.
Festivalın rəsmi açılış mərasimində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, sakinləri əlamətdar bayram münasibətilə təbrik edib. Bildirilib ki, Zaqatala bu gün respublikamızda ən sürətlə inkişaf edən rayonlardan biridir. Rayonda fındıqçılığın çox böyük potensialı var. Diqqətə çatdırılıb ki, fındıqçılıq ötən əsrin ortalarından başlayaraq rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən birinə çevrilib. Hələ 1929-cu ildə rayonda keçmiş SSRİ məkanında yeganə olan fındıq emalı zavodu fəaliyyətə başlayıb. Zavodda istehsal olunan fındıq və konserv məhsulları SSRİ-nin bütün respublikalarına, həmçinin bir sıra Avropa ölkələrinə ixrac edilirdi. 1932-ci ildə isə Zaqatalada ilk fındıqçılıq sovxozu yaradılıb.
Qeyd olunub ki, fındıqçılıq hazırda Zaqatala rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə son illər Zaqatalada yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Son iki ildə fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardan 17 min hektara çatdırılıb. Ötən il Zaqatalanın emal müəssisələri tərəfindən 91 milyon manat dəyərində fındıq məhsulu ixrac olunub. Cari ildə isə fındıq ixracının 120 milyon manata çatacağı gözlənilir. Bu ilin 10 ayı ərzində isə xarici ölkələrə 95 milyon manat dəyərində fındıq məhsulu göndərilib.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev çıxış edərək, respublikamızın müxtəlif bölgələrində ənənəvi keçirilən belə festivalların rayonların turizm potensialının təbliği baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonra festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıqdan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olublar. Ən gözəl fındıq xonçası, fındıqdan hazırlanmış əl işi, ən gözəl fındıq geyimi, fındıqla bağlı ən zəngin məlumat lövhəsi, fındıq ləpəsinin qısa müddətdə ipə düzülməsi, ən qısa müddətdə fındığın qırılması, ləpənin təmizlənməsi və digər müsabiqələr festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir iştirakçıları “Kənd evi”ndə fındıq qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovurulması, şabalıdın saxlanma qaydası, təndirdə fındıq çubuqlarının yandırılması prosesini əyani şəkildə izləyiblər.
Festivalda, həmçinin fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullar, fındıq yığımında və emalında istifadə olunan müasir texniki avadanlıq nümayiş etdirilib.
Daha sonra festival bədii proqramla davam edib.