Noyabrın 16-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirildi. İşgüzar görüşün mədəni proqramı çərçivəsində Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) tamaşa salonunda Sankt-Peterburqun «Art» Musiqili Dram Teatrının hazırladığı «Peterburq mənzilləri» vodevili nümayiş etdirildi.
«Rossotrudniçestvo» təşkilatının (Rusiya Federasiyasının xaricdə yaşayan həmvətənlərlə əlaqə və beynəlxalq humanitar əməkdaşlıq qurumu) Azərbaycan nümayəndəliyinin, ATXİ-nin təşkilatçılığı ilə göstərilən əsərin müəllifi XIX əsrdə yaşamış dramaturq, teatr tənqidçisi Fyodor Konidir.
Vodevil də hər kəsə tanış obrazların və situasiyaların səhnəyə gətirilməsi və mövzu aktuallığı ilə diqqəti cəlb edir. Hay-küylü, musiqili və hətta tarixi mövzuda şounu xatırladan tamaşa «Art» teatrının repertuarında böyük yer tutur. Quruluşçu rejissoru Rusiyanın Əməkdar artisti Aleksandr İsakov, bəstəkarı Viktor Pleşak, rəssamı Tatyana Malkovadır.
Noyabrın 16-da isə «Art» teatrı Qriqori Qorinin «Əlvida, konferansye» adlı xoşniyyətli, eyni zamanda həm gülməli, həm də faciəvi pyesini Bakı tamaşaçılarına təqdim etdi. Səhnə həlli konsert-pyes olaraq tapılmış «Əlvida, konferansye» Leninqradın blokadasının yarılmasının 71-ci ildönümünə və alman faşizmi üzərində qələbənin 70 illiyinə həsr olunub. Tamaşa müğənni, rəqqas, fokusçu, müəllif, aktyor və bu sənətçi komandasının lideri - konferansyenin müharibədən əvvəlki dinc günlərdə və döyüşlər başlayandan sonra başlarına gələn hadisələrdən bəhs edir.
Hər iki tamaşada teatrın gənc aktyorlarının çıxışı Bakı tamaşaçıları tərəfindən hərarətlə qarşılandı.
Qeyd edək teatrın bütün aktyorları Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun 2015-ci il məzunlarıdır. İnstitutun kafedra müdiri, dosent Aleksandr İsakov teatrı öz sinfinin məzunlarından yaradıb. 2015-ci ildə yaranan «Art» teatrı elə həmin il Bolqarıstanın Vratsa şəhərində keçirilən kamera teatrları festivalının laureatı olub. Kollektiv əsasən rus və xarici dramaturqların yumoristik ruhlu əsərlərinə müraciət edir, ən geniş tamaşaçı auditoriyasını maraqlandıracaq tamaşalar hazırlayır.
G.Mirməmməd