Bu gün yağı düşmənin işğalı altında olan qədim yurd yerlərimiz öz sahiblərinin hənirinə, nəfəsinə həsrət qalıb. Nigaran ellərin saz sədası, aşıq zənguləsi kəsilib. Bu yazımızın sazlı-sözlü qəhrəmanı da Cəbrayıl rayonunun Araz baxarlı, Xudafərin soraqlı Dirili kəndindən boy alan Aşıq Surxaydır. O, Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli rayonlarında məclislər aparıb, yaxşı ad-san qazanıb.
Surxay Bəyalı oğlu Fərəcov (Dirili Surxay) 1892-ci ildə Cəbrayıl rayonunun indiki Xudayarlı kəndində anadan olub. Əvvəlcə kənddə molla yanında ibtidai, sonra Təbriz şəhərində mədrəsədə təhsil alır, ərəb, fars dillərini mükəmməl öyrənir. Təhsilini başa vurduqdan sonra həmin mədrəsədə işə düzəlir. Eyni zamanda el şənliklərinə maraq göstərir. Təbriz aşıqları ilə dostluq əlaqələri qurur. Onların məsləhəti ilə saz alır və qısa müddətdə ifa etməyi öyrənir. Şaqraq, məlahətli və yanıqlı səsi şəhərdə diqqəti çəkir. Surxay mötəbər bir məclisə dəvət olunur. Oxumaq üçün ona da söz verilir. O, qarabağlılara məxsus bir ahənglə oxuyur və ifası alqışlarla qarşılanır...
Surxayın anası Sənəm Fərhad qızı danışardı ki, o, İranda olarkən Təbrizin məşhur xanəndəsi Əbülhəsən xan İqballa görüşür. Onunla bir çox musiqi məclislərində yaxından iştirak edir. Təxminən 1920-1921-ci illərdə Təbrizdə ictimai-siyasi vəziyyətin gərgin olduğu zamanlarda (1920-ci ilin may ayında Təbrizdə Demokrat Firqəsinin rəhbərliyi ilə böyük mitinq təşkil edilmişdi - red.) Surxayın dərs dediyi mədrəsədə də yoxlamalar aparılır. Bir neçə həmkarı ilə bərabər o da dindirilir...
Bu hadisədən xəbər tutan Bəyalı kişi Təbrizə gedir, oğlunu alıb Dirili kəndinə qayıdır. Surxay geri dönərkən sevimli sazını da özü ilə götürür.
Bir gün Surxay yuxudan çox gec ayılır. Bu hal bir neçə gün təkrar olunur. Həmişə deyib-gülən bu gənc dinib-danışmır, çox fikirli görünür. Onun bu halı ata-anasını, qohum-əqrəbanı pərişan edir. Az sonra ürəyini yaxınlarına açır. Bildirir ki, ona yuxuda buta veriblər. Butası isə Ağdaş elindən Mahbəri adlı bir qızdır. Ailəsi onu bu yoldan döndərməyə çalışır, nəhayət, butasından küsdürməyə nail olurlar. Surxay o gündən aşıqlıq etməyə başlayır. Nakam sevgisini də unutmur. Bayatılarında, qoşmalarında həmişə Mahbərini yad edir.
Sənəm Fərhad qızı deyərdi: “Qardaşım Cahangir Cəbrayıl qəza idarəsində çalışırdı. Pristav Məmməd bəylə dost idilər. Bir gün məlum oldu ki, Məmməd bəyin yaxın qohumu toy edir. Qardaşım Surxayı da toya apardı. Toyda başqa aşıqlar da olur. Surxay məclisdə oxuyur. Məmməd bəy onun ifasından təsirlənir. Yanına çağırıb niyə belə qəmli oxuduğunu soruşur. O oxuya-oxuya deyir:
Əslim diridağlıdır,
Sinəm düyün-dağlıdır.
İstərəm duram gedəm,
Əl-ayağım bağlıdır.
Surxayam, sirdən desəm,
Sədəfdən, dürdən desəm.
Dağılar Diridağı,
Dərdimi birdən desəm.
Cahangir onun haqqında məlumat verir. Pristavın Surxaydan xoşu gəlir. Ona mükafat olaraq at bağışlayır və deyir: “Bundan sonra bizim toylarda yaxından iştirak edərsən”.
Surxay tez-tez məşhur Xudafərin körpüsündən keçib Təbriz şəhərinə gedər, aşıqlarla Cənubi Azərbaycanın bir çox şəhərlərində toy məclisləri aparmış. Hər dəfə qayıdanda bir at yükü hədiyyə gətirər, qohum-əqrəba və qonum-qonşuya paylayarmış.
Ölkəmizdə sovet hökuməti qurulandan sonra aşıq Surxayın Cənubi Azərbaycana gedişi-gəlişi zəifləyir. Çətinliklə də olsa, hərdən cənublu qardaşlarının toy şənliklərinə dəvətlər alır. Bir gün o, Təbrizdə olarkən Dirilidə evlərinə Dağ Xələfli kəndindən qəfil qonaq gəlir. Aşıq Surxayı görmək istədiyini bildirir. Bəyalı kişiyə deyir ki, kəndlərində iki əmioğlu (Qaçaq Salmanla Fərhad) arasında dava düşüb. Ağsaqqallar yığışıb qohumları barışdırmaq istəsə də nəticə olmayıb. Salman and içib ki, Fərhadı öldürəcək... Surxay Təbrizdən qayıdır. Səhəri Dağ Xələfliyə yola çıxır. Kəndə çatanda Qaçaq Salmanla görüşəcəyini bildirir. Onun ağıllı məsləhəti ilə Salman yola gəlir və qohumlar barışırlar. Bu zaman Surxay sazını bağrına basır və kənddə şənlik başlayır...
El-obanın dərin hörmətini qazanan aşıq 30-cu illərin repressiya dalğasından yayına bilir. Qanlı əllər onun da sazlı-sözlü, qonaq-qaralı evinin qapısını döyür. Həbs olunarkən bir çox ev əşyaları ilə bərabər əlyazmaları da müsadirə edilir. Ancaq xeyli çək-çevir və yoxlamalardan sonra azad olunur. Əlyazmalarından isə xəbər-ətər çıxmır. Buna görə də Dirili Surxayın günümüzə gəlib çatan əsərləri azdır. Hələlik aşığın “Aşıq elin atasıdır” və “Apar” şeirləri əldə edilib. Müəllifi birinci şeirində deyir:
Söylədiyim bu söz-söhbət,
Aşıqlara çatasıdır.
Aşıq eldən doğulsa da,
Öz elinin atasıdır.
El şad olsa, aşıq gülər,
El dərdini aşıq bilər.
Məhəbbətin eldən dilər,
El aşığın butasıdır.
Surxay deyər el içində,
Yaşa, yarat, öl içində.
Nə yazılıb əl içində,
Bu açdığın nə tas idi?
Dirili Surxay 1945-ci ildə, 53 yaşında vəfat edib.
Savalan Fərəcova