Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Afina toplantısı başa çatıb
   
   Noyabrın 22-23-də VI Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Yunanıstanın paytaxtı Afinada “Avro-Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda XIII Yüksək Səviyyəli Toplantı keçirilib.    
   Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yunanıstanın “Marianna V.Vardinoyannis” Fondu ilə əməkdaşlığı çərçivəsində keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Avropa İttifaqı və Aralıq dənizi hövzəsi ölkələrinin dövlət və siyasi xadimləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri, digər qonaqlar iştirak ediblər.
   Toplantıda çıxış edən Əli Həsənov Azərbaycanın Avropa İttifaqının enerji təminatı, təhlükəsizlik və digər məsələlərdə əsas tərəfdaşlarından biri kimi rolundan bəhs edib. Qeyd edilib ki, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesi davam edir. Bu sənədin imzalanması tərəflər arasında siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaq.
   Panel iclaslarında Avro-Aralıq dənizi tərəfdaşlığı çərçivəsində XXI əsrdə sülh üçün humanist cəmiyyətlər, multikulturalizm və mədəniyyətlərarası dialoqa nail olmaq məqsədilə Ortaq Fəaliyyət Planı müzakirə olunub. Miqrasiya axınına gəlincə, qeyd olunub ki, Avro-Aralıq dənizi tərəfdaşlığına daxil olan ərazilər Şərq və Qərb arasında strateji mövqedə olduğundan miqrasiya axınları ilə bağlı problemlər bu ərazilərdə daha çox baş verir. Böhranın aradan qaldırılması üçün Avropanın konkret mexanizm qəbul etməsinin vacibliyi vurğulanıb, dövlətlərin, təşkilatların və insanların verə biləcəyi töhfələr diqqətə çatdırılıb.
   Tədbirdə dünyada yeni yaradılan enerji layihələrinin əhəmiyyəti, Azərbaycanın bu sahədə verdiyi böyük töhfələr barədə də danışılıb.