Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vokal müəllimi Dmitri Babayev noyabrın 23-dən 25-dək Çexiyanın Karlovı Varı şəhərində keçirilən “Suliko” Beynəlxalq musiqi festivalının münsiflər heyətində yer alıb.
Festivalda Azərbaycan, Gürcüstan, Rusiya, Çexiya, Moldova, Argentina və Sloveniyadan yeniyetmələr iştirak edir. İştirakçıların solo, duet, caz imkanları yoxlanılacaq və hər bir təmsilçi ölkəsinin folklorunu nümayiş etdirəcək və onların səhnə performansları qiymətləndiriləcək.
Dmitri Babayev deyib ki, Azərbaycanı bu yarışmada beynəlxalq müsabiqələr laureatı 9 yaşlı Selin Hüseynova və 10 yaşlı Fikrət Əliyev təmsil edir. Qaliblərə diplom, mükafat və qiymətli hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, D.Babayev bundan əvvəl Latviya, Litva, Türkiyə, Gürcüstan və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə münsiflər heyətinin üzvü qismində iştirak edib.