Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xaricdə təşkil olunan sərgilərdə ölkəmizin turizm potensialı barədə də xarici şirkətlərə məlumatlar yayacaq.
Bu barədə qurumun rəhbəri Rüfət Məmmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, AZPROMO-nun məqsədi yalnız məhsullarımızın nümayişi deyil. Ölkəmizin tanıdılması, turizm potensialının xarici ölkələrin iş adamlarına çatdırılması da qarşıya qoyulan məqsədlərdəndir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə danışıqlar aparılır. Gələn ildən AZPROMO tərəfindən xaricdə təşkil olunan sərgilərdə Azərbaycanın turizm imkanlarına da geniş yer ayrılacaq.