Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin gələn il geniş şəkildə qeyd olunacaq 200 illik yubileyi münasibətilə ekranlaşdırılacaq bədii filmin çəkilişləri davam edir.
   
   “Sübhün səfiri” adlı filmin ssenari müəllifi Xalq yazıçısı Anar, quruluşçu rejissoru Ramiz Həsənoğlu, operatoru Kənan Məmmədov, bəstəkarı Cavanşir Quliyev, baş rəssamı Rafiz İsmayılov, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Adil Qulamovdur.
   Ramiz Həsənoğlunun sözlərinə görə, filmin Bakıda çəkilişləri yekunlaşıb. Noyabrın 1-dən isə Şəkidə filmin növbəti hissəsinin çəkilişləri aparılır. Gürcüstan və Türkiyədə də çəkilişlər nəzərdə tutulub: “Film üzərində işi gələn ilin fevralında yekunlaşdırmaq niyyətindəyik”.
   Filmdə 90-dək aktyor yer alıb. Axundzadənin gənclik dövrünü Nicat Həbibov, 50 yaşından ömrünün sonuna kimi olan dövrü isə Xalq artisti Rasim Balayev canlandırır. Filmdə Abbasqulu ağa Bakıxanov rolunda Xalq artisti Fəxrəddin Manafov, Həsən bəy Zərdabi rolunda Əməkdar artist Məmməd Səfa, Lermontov rolunda Oleq Əmirbəyov çəkilirlər. Filmdə Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova da rol alıb. Aktrisa Axundzadənin həyat yoldaşı Tubu xanım obrazını canlandıracaq.
   Filmdə həmçinin Aleksandr Şarovski, Yuri Balıyev, Məbud Məhərrəmov, Rafiq Əliyev və digər tanınmış aktyorlar da çəkilir. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunur.
   Qeyd edək ki, böyük ədib, maarifçi və mütəfəkkir M.F.Axundzadə haqqında ilk bədii film 1941-ci ildə çəkilib. “Səbuhi” adlı filmdə Axundzadə rolunu İsmayıl Dağıstanlı, onun həyat yoldaşı Tubu xanım rolunu isə Leyla Bədirbəyli oynayıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar