“QGallery” salonunda tanınmış rəssam Yelena Haqverdiyevanın “Fəvvarə qarşısında sizi gözləyirəm” adlı sərgisi açılıb. Sərgidə müəllifin çoxu ilk dəfə təqdim olunan 30-a yaxın əsəri göstərilir. 
   Rəssamın özünəməxsus rəngkarlıq texnikası var: sərhədi bilinməyən, bir-birinə keçən rənglər, bir az nağılvari, bir az da dekorativ... Onun yaradıcılığının qeyri-adi estetikası gözəllik və zəriflik ifadə edir. Əsərlərin mövzularında bir-birinə yaxınlıq hiss olunur. Sanki cənnət bağında əfsanəvi yuxuda və gözəl xalçalarla, bəzəkli parçalarla bəzədilmiş dəbdəbəli şərq interyerlərində gözəl paltarlar geymiş pəri obrazları peyda olur. Onların başlarını bəzəyən qeyri-adi baş geyimləri fantastik dekorasiyanın davamı kimi çıxış edir. 
   Müəllifin gözəlləri onun keçmiş və gələcək xəyallarıdır. Şərq və Avropa estetikasının qeyri-adi birliyindən, müxtəlif mədəniyyətlərin şirəsi ilə qidalanmış xanım rəssam nəfis dekorativ palitrası ilə fərqlənir. Mənzərələr, natürmortlar, sevgili obrazları sehrli güzgünün əks tərəfində həyat haqqında bütöv, sonu görünməyən hekayət kimi cərəyan edir, həmin güzgüdə müəllif sonsuz baharı, əbədi gözəlliyi, solmaz gəncliyi seyr edir. 
   Bildirək ki, Yelena Haqverdiyeva mərhum rəssam Ucal Haqverdiyevin həyat yoldaşıdır. 1963-cü ildə Xabarovsk şəhərində anadan olub. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Əsərləri Azərbaycanda, Fransada, Almaniyada, Rusiyada, Böyük Britaniyada, Türkiyədə, ABŞ-da özəl kolleksiyalarda saxlanılır. Xarici ölkələrdə keçirilən müxtəlif sərgilərin iştirakçısıdır. Y.Haqverdiyevanın yaradıcılığında qadın mövzusu, milli geyimlər, qurama əsas yer tutur. 
   Sərgi noyabrın 24-də başa çatacaq.
   
   Soltan