Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrı Rusiya Federasiyasının Orenburq şəhərində Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” komediyası əsasında hazırlanmış tamaşa ilə çıxış edib. 
   Rusiyanın TASS informasiya agentliyinin bu barədə məlumatında bildirilir ki, şəhərdəki Tatar Dövlət Teatrının binasında oynanılan tamaşa maraqla qarşılanıb. Tamaşaya gələnlər həm də teatrın foyesində təşkil olunmuş Azərbaycan mədəniyyəti sərgisinə baxıblar. 
   Teatrın direktoru, Dağıstanın Əməkdar mədəniyyət işçisi Firdovsi Əsgərov TASS-ın müxbirinə bildirib ki, qadınların öz hüquq və azadlıqları uğrunda mübarizəsini fərqli tərzdə təqdim edən tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar artisti, hazırda İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru işləyən Sərvər Əliyevdir. 
   Dərbənd teatrının bu qastrolu “Orenburqda Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının dəvəti ilə baş tutub. Qurumun rəhbəri Yaşar Məsimov öz növbəsində söyləyib ki, milli mədəniyyət nümunəsi sayılan bu əsər Orenburq teatralları və Azərbaycan diasporu üçün əsl hədiyyədir. Tamaşadan sonra aktyorlara məşhur Orenburq yun yaylıqları bağışlayan Y.Məsimov onları 2018-ci ilin mart ayında keçiriləcək ənənəvi Novruz bayramı şənliklərinə qatılmağa dəvət edib. 
   Teatrın aktyoru, Dağıstanın Əməkdar artisti Məhərrəm Ömərov həm də ifa etdiyi muğam parçası ilə sübuta yetirib ki, Dərbənd teatrı Orenburqdakı Novruz günlərində Azərbaycan mədəniyyətini hərtərəfli təmsil edəcək. 
   Tamaşanın məzmunu və aktyorların ifası barədə geniş yazıda Dərbənddə Azərbaycan teatrının hələ XX əsrin əvvəlində yaradıldığı, 1998-ci ildən isə artıq dövlət teatrı kimi fəaliyyət göstərdiyi barədə də məlumat verilib. 
   
   G.Mirməmməd