Azərbaycanın dünya şöhrətli cazmeni Vaqif Mustafazadə haqqında sənədli filmin gürcü dilində variantı “BP-Azerbaijan” şirkəti tərəfindən Tbilisidə ictimaiyyətə təqdim edilib. Şirkətdən verilən məlumatda “Mənim tanıdığım Vaqif” filminin daha əvvəl Bakıda Azərbaycan dilində böyük uğurla təqdim edildiyi diqqətə çatdırılır.
Vaqif Mustafazadə həyatının müəyyən bir hissəsini Tbilisidə yaşayıb və onun gürcü dostları da təqdimat mərasimində iştirak ediblər. V.Mustafazadənin yaxın dostu olmuş musiqiçi Dmitri Qonqliaşvili filmdən mütəəssir olaraq deyib: “Vaqif haqqında nə deyə bilərəm - o, bir dahi idi”.
Tədbirdə iştirak etmiş Gürcüstanın mədəniyyət naziri Mixeil Giorqadze bildirib: “Vaqif Mustafazadə o musiqiçilərdəndir ki, onun istedadı və irsi eyni dərəcədə hər iki ölkəyə məxsusdur. Musiqiçilər, xüsusən də caz sevərlər onu Azərbaycan caz-muğamının banisi olan dahi bir pianoçu və bəstəkar kimi tanıyırlar. Əslində isə Vaqif Mustafazadə gələcəyə yönələn və çox maraqlı Şərq cazı məktəbini yaradıb”.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Couns isə deyib: “Biz Azərbaycan cazının ən tanınmış nümayəndəsi olan Vaqif Mustafazadənin adı ilə bağlılığımızdan qürur duyuruq. O həm də dünyanın ən məşhur caz pianoçularından və bəstəkarlarından biridir. Onun istedadının pərəstişkarı kimi bilirəm ki, o, Şərq və Qərb musiqisinin ən yaxşı janrlarının fantastik sintezini yaratmağa nail olub”.
“BUTA film” şirkəti tərəfindən çəkilmiş sənədli film Vaqif Mustafazadənin müasirləri olan Rusiya, Gürcüstan, Estoniya, Polşa və ABŞ caz ustalarının onun yaradıcılıq irsinə və şəxsiyyətinə sevgi və rəğbət dolu xatirələri üzərində qurulub.