Noyabrın 28-də Yevlax şəhərində vətəndaşlarla görüşən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə də tanış oldu.
İlk olaraq Yevlax şəhər Mədəniyyət Mərkəzinə gələn nazirə müəssisənin fəaliyyəti haqqında məlumat verildi. Mərkəzdə əhaliyə mədəni xidmətlərin göstərilməsi, milli adət-ənənələrin təbliği istiqamətində görülən işlərdən bəhs olundu. Bildirildi ki, burada dərnəklər, kurslar, özfəaliyyət kollektivləri fəaliyyət göstərir.
Əbülfəs Qarayev daha sonra şəhərdəki Yaradıcılıq Mərkəzinin binasında fəaliyyət göstərən kukla teatrı ilə tanış oldu. Nazir teatra müvafiq səhnə avadanlıqlarının veriləcəyini dedi, tövsiyələrini bildirdi. Teatr kollektivinin səhnələşdirdiyi tamaşadan parça nümayiş olundu.