Mərakeşlilərin yaşantıları iki ekran əsərində nümayiş olundu
   
   Noyabrın 12-13-də Azərbaycanda Mərakeş Mədəniyyəti Günləri çərçivəsində bu ölkənin istehsalı olan iki filmə baxış oldu.    
   Muzey Mərkəzində baş tutan nümayişin ilk günündə çoxsaylı kinosevərlərlə yanaşı Mərakeş Krallığının mədəniyyət naziri Bin Salem Himmiş, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Mərakeşdəki səfiri Sabir Ağabəyov, Mərakeş Krallığının ölkəmizdəki səfiri Həsən Hami də iştirak edirdi.
   Nümayişdən öncə çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev zəngin və qədim ənənələrə malik Mərakeş kinosu haqqında geniş məlumat verdi: «Dünya kinosu yaranan dövrdə Mərakeş kinosuna, ümumilikdə bu müsəlman ölkəsinə çox böyük maraq vardı. Bu maraq ölkənin yerləşdiyi coğrafiya, onun füsunkar təbiəti və ümumilikdə Qərbdə qəribə təəssürat yaratması ilə əlaqədar idi». Mərakeş kinosunun inkişafını mərhələlərlə xarakterizə edən C.Quliyev bu ölkədə xüsusən son illər istehsal olunan filmlərin tamaşaçı auditoriyasının geniş olduğunu vurğuladı.
   Sonra tamaşaçılar tanınmış Mərakeş kinorejissoru David Ulad Saidin komediya janrında çəkdiyi “Pazolinini gözləyərkən” filminə baxdılar. Sadə mərakeşlilərin həyatından bəhs edən filmdə hadisələr ucqar bir kəndə baş verir. Film içində film olan ekran əsərinin qəhrəmanları da elə adi Mərakeş sakinləridir. Gündəlik qayğılarla yaşayan yoxsul kəndlilərin ən böyük arzusu kəndlərindəki yarımçıq məscid binasının tikilməsidir. Kəndə gələn italiyalı kinematoqrafçıların bu işdə onlara kömək edəcəyini zənn edən kəndlilər italyan qonaqların üzərinə yüyürürlər.
   Təbii ki, nə baş verdiyini anlamayan italyanlar heç nəyə məhəl qoymadan sakinlər arasından kütləvi səhnələrin çəkilməsi üçün iştirakçı seçirlər. Qəribə və gülüş dolu seçimlərə qatılmayan bir şəxs, filmin baş qəhrəmanı isə öz arzusuna çatmaq, məşhur rejissor Pazolinini görmək arzusu ilə hey var-gəl edir. Hələ illər əvvəl bir çəkiliş üçün bu kəndə gələn rejissorla çəkdirdiyi fotonu və o gün geyindiyi paltarları dolabdan çıxaran mərakeşli film boyu Pazolininin xəyalı ilə yaşayır. Beləcə Pazolininin 35 il öncə faciəli şəkildə öldüyündən xəbərsiz biçarə kəndlilərin bütün ümidləri boşa çıxır və təbii ki, məscidləri də tikilmir. Komediya janrındakı qəribə sonluqla bitən, maraqlı və gülüş dolu süjet xəttinə malik filmdə əslində Mərakeş kəndi və onun sadə vətəndaşlarının problemləri, yaşam tərzi ekran həllini tapıb.
   Nümayişin ikinci günü isə tamaşaçılar rejissor Məhəmməd İsmayılın lentə aldığı «Əlvida analar» filminə tamaşa etdilər. Mühacirətə məcbur edilmiş və ürəklərində ana vətən sevgisi daşıyanlara həsr edilən film dram-faciə janrında çəkilib.
   Mərakeşin Kasablanka şəhərində cərəyan edən hadisələr 60-cı illərə təsadüf edir. Filmdə uzun illər ərəblərlə bir torpaqda yaşamış çox sayda yəhudi ailələrinin sionistlərin təhriki ilə öz doğma vətənlərindən İsrailə mühacirət etdiyi tarixi dövr əks olunur. Filmdə uşaqlıqdan möhkəm dostluq edən iki ailənin taleyindən bəhs olunur. Biri müsəlman Brahimin, digəri isə yəhudi Henrinin ailəsidir. Zavodda işlərinin yaxşı getmədiyini görən Henri İsrailə getmək qərarına gəlir. Dostu onu bu qərarından çəkindirmək istəsə də bir şey alınmır və o işlərini İsraildə tam quranadək arvadını və iki uşağını dostu Brahimə tapşıraraq gizli yolla gedən digər yəhudilərlə qoşulur. Onları sərhəddən keçirən qayığın batması nəticəsində həlak olan Henrinin ailəsi beləcə Brahimin himayəsində qalır. 9 aydan sonra Henrinin arvadının da vəfat etməsi ilə uşaqlar bütünlükdə onun himayəsinə keçirlər. Beləcə o dostunun uşaqlarını doğma övladları kimi böyüdür.
   Milli-etnik münasibətlərin insan taleyində buraxdığı dərin izlərin ustalıqla ekran həllini tapdığı film kinosevərlər tərəfindən maraqla qarşılandı.
   
   Həmidə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar