Xalq artisti Mikayıl Mirzənin 70 illiyi qeyd olundu
   
   O, tribuna, meydan adamı idi. İstər səhnəyə çıxanda, istərsə də kürsü arxasına keçəndə səsi ilə fırtına qoparır, vulkantək püskürür, insanların hislərinə, duyğularına hakim kəsilə bilirdi. Vətən nidalı şeirləri elə səsləndirirdi ki, dinləyicilər, tamaşaçılar özünü əsgər zənn edirdi. Görkəmli aktyor, bədii qiraət ustası. O, emosional, pafoslu, çılğın çıxışları ilə hər kəsin qəlbində özünə əbədi məskən salan Mikayıl Mirzə idi... 
   Noyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Mikayıl Mirzənin (1947-2006) 70 illiyinə həsr olunmuş gecə keçirildi. 
   Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində sənətkarın həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi ilə tanış oldular.
   Gecənin qəhrəmanı yenə səhnədən zala doğru kəskin nəzərlərlə “boylanırdı”. Ömrü boyu sükunətin nə olduğunu bilməyən Mikayıl Mirzə sanki gözləri ilə 
   “...Mən bu əsrin gur səsiyəm!
   Gərək deyil sısqa bulaq,
   Mən ümmanlar təşnəsiyəm!” - deyə hayqırırdı... 
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirin aparıcısı Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov idi. O, çıxış edərək sənətkarın ömür yolundan danışdı, onunla bağlı xatirələrini bölüşdü.
   Bildirdi ki, Azərbaycan Dövlət Teatr İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Lütfi Məmmədbəyov kimi görkəmli sənətkarlardan dərs alan Mikayıl Mirzə 1969-cu ildə institutu bitirərək dram və kino aktyoru ixtisasına yiyələnib. İnstitutun Səhnə danışığı kafedrasında müəllim, eyni zamanda Tədris teatrında çalışan Mikayıl Mirzə bir qədər sonra Akademik Dram Teatrında işə qəbul olunub.
   Vurğulandı ki, oynadığı rolları təbii, inandırıcı şəkildə tamaşaçılara çatdıran sənətkar özünəməxsus ifa üslubuna malik idi. O, bədii filmlərdə, televiziya tamaşalarında, səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. Mikayıl Mirzənin teatrın səhnəsində ustalıqla canlandırdığı Kürd Musa, Fərhad (“Vaqif”, “Fərhad və Şirin”, S.Vurğun), Muratov, Eyvaz (“Qəribə oğlan”, “Bizim qəribə taleyimiz”, İ.Əfəndiyev”), Elxan (“Od gəlini”, C.Cabbarlı), İxtiyar (“İblis”, H.Cavid), Aslan (“Kəndçi qız”, M.İbrahimov), Cinli Mustafa (“Dəli yığıncağı”, C.Məmmədquluzadə), Zahid (“Fəryad”, B.Vahabzadə) və s. obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
   Qeyd olundu ki, Mikayıl Mirzə Azərbaycan Televiziyasının ədəbi-dram verilişləri baş redaksiyası ilə də sıx əlaqə saxlayırdı. Ötən əsrin 80-ci illərində məhz onun təşəbbüsü ilə Azərbaycan televiziya məkanında “Bir aktyorun teatrı” verilişi ekrana çıxıb. Aktyorun ifasında Aleksandr Puşkinin “Motsart və Salyeri”, “Qaraçılar”, Hüseyn Cavidin “Azər”, Rəsul Rzanın “Qızılgül olmayaydı”, Xəlil Rza Ulutürkün “Məhəbbət dastanı”, Cabir Novruzun “Qərbi Berlin” əsərləri “qızıl fond”da dəyərli sənət əsərləri kimi saxlanılır.
   O, Mehdi Məmmədov, Əli Zeynalov, Səməndər Rzayev kimi sevilən bədii qiraət ustaları ilə bir sırada dayanırdı. Əli Kərimin, Səməd Vurğunun, Məmməd Arazın, Xəlil Rzanın bir çox əsərlərini əzbər bilirdi.
   Əməkdar rəssam Rais Rəsulzadə Mikayıl Mirzə haqqında fikirlərini bölüşərək onunla birlikdə keçən gənclik illərini xatırladı: “Mikayıl Mirzə ilə tanış olanda bizim 18-19 yaşımız var idi. Biz ömrümüzün ən gənc, ən gözəl çağlarında tanış olmuşduq. Tələbə ikən qonşuluqda yaşayırdıq. Burada Mikayılla yanaşı, Azərbaycanın böyük aktyorları kimi şöhrət qazanan Səməndər Rzayev, Rasim Balayevlə də tanış oldum. 4 il qonşu olduq. Bu illər ərzində onların tez-tez hansısa tamaşaya hazırlaşdığını, məşq etdiklərini, püxtələşmək üçün yorulmadan çalışdıqlarının şahidi olurdum. Mikayıl həmişə odlu-alovlu insan idi. Bu xüsusiyyət ömrünün sonuna kimi onu tərk etmədi”.
   Xalq artisti Nurəddin Mehdixanlı Mikayıl Mirzəni özünün sənət müəllimi, böyük ustadı kimi xatırladı: “Mikayıl Mirzə Tanrının Azərbaycan xalqına bəxş etdiyi dəyərli, istedadlı bir şəxsiyyət idi. Ölkəmizin mədəniyyəti tarixində, sənət salnaməsində Mikayıl Mirzənin imzası daim qalacaq. O, təkcə özü üçün yaşamayan, dostları, tələbələri üçün örnək ola bilən insan idi. Mikayıl Mirzə gözəl müəllim idi. Mən və mənim sənət dostlarım bu gün hansısa yerə sahib olmuşuqsa Azərbaycanın teatr nəhəngləri Adil İsgəndərova, Əzizağa Quliyevə və Mikayıl Mirzəyə borcluyuq”.
   Aktyor qeyd etdi ki, Cəfər Cabbarlının “Aydın” pyesini səhnələşdirən zaman tamaşada baş rolu - Aydını məhz Mikayıl Mirzə oynamalı idi: “Məşqlər başlayanda da Mikayıl müəllim o rola hazırlaşırdı. Hansısa səbəbdən rolu mənə - öz tələbəsinə hədiyyə etdi. Bu mənim həyatımda böyük hadisə idi. Hər insan bunu etməzdi. Xatirimdədir ki, həmin tamaşaya ümummilli lider Heydər Əliyev də gəlmişdi. Tamaşa bitdikdən sonra səhnəyə qalxıb bizi təbrik etdi”. 
   Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, xalq artistləri Səidə Quliyeva, Ağakişi Kazımov, Ramiz Həsənoğlu və başqaları çıxış edərək görkəmli sənətkarın həyat və yaradıcılığından, onunla bağlı xatirələrindən danışdılar. Onu təkcə peşəkar aktyor deyil, həmçinin vətənini sonsuz məhəbbətlə sevən, dostlarına, tələbələrinə daim yardımçı olmağa çalışan xeyirxah insan kimi xarakterizə etdilər.
   Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi gecədə Mikayıl Mirzənin rol aldığı filmlərdən, tamaşalardan fraqmentlər nümayiş olundu, müxtəlif bədii kompozisiyalar təqdim edildi.
   Mərasimdə mərhumun ailəsi adından çıxış edən oğlu Mətin Mirzə atasının xatirəsini əziz tutduqlarına görə tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi.
   
   Fariz Hüseynov