Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov Abşeron və Zəngilan rayonlarından olan mədəniyyət işçiləri ilə görüşüb.
Görüş tabe müəssisələrin direktorlarının qatıldığı müşavirə ilə davam edib. Müşavirədə 2017-ci il ərzində mədəniyyət müəssisələrində aşkarlanan problemlər, görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
İdarə rəisi mədəniyyət müəssisələrində aşkarlanan problemlərdən danışıb, kitabxanalarda oxucuların sayının azlığı, klub müəssisələrində bədii özfəaliyyətin qənaətbəxş səviyyədə olmadığı vurğulanıb və qeyd olunan müəssisələrin fəaliyyətlərinin genişləndirməsi barədə tapşırıqlar verib. Bildirilib ki, əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə kurs və dərnəklərin, maraq klublarının, ödənişli xidmət sahələrinin sayını artırmaq qarşıda duran əsas vəzifələrdən biridir.
Mədəniyyət müəssisələrində folklor kollektivləri, rəqs qrupları, xalq çalğı alətləri, uşaq vokal instrumental ansambllarının yaradılması, istedadlı gənclərin üzə çıxarılması məqsədilə müsabiqə və festivalların, sərgilərin keçirilməsi ilə bağlı tövsiyə və tapşırıqlar da verilib.
Müşavirədə idarənin Abşeron rayon nümayəndəliyinin baş məsləhətçisi İ.Manafov, Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi M.Nəsirov, Saray qəsəbə uşaq incəsənət məktəbinin direktoru A.Nuriyev çıxış edərək problemlərin qısa bir zamanda aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcəyini qeyd ediblər.