Türkiyə Xarici İşlər Nazirliyi sistemində çalışanların xanımlarının qurduğu həmrəylik dərnəyinin (Dışişleri Mensupları Eşleri Dayanışma Derneği - DMEDD) təşəbbüsü ilə Ankarada ənənəvi xeyriyyə tədbiri təşkil olundu.
Ankarada fəaliyyət göstərən diplomatik missiya rəhbərləri və təmsilçilərinin qatıldığı tədbirin məqsədi ehtiyacı olan uşaqlara və tələbələrə təqaüd vermək üçün yardım toplanılması idi. DMEDD-nin xarici ölkələrdəki təmsilçiləri və Türkiyədə fəaliyyət göstərən səfirliklərin əməkdaşlarının iştirakı ilə hər il düzənlənən satış-sərgidə əldə edilən gəlir elm fondları, yardımlaşma layihələri və Türkiyəni tanıtmaq üçün sosial və mədəni fəaliyyətlərə sərf edilir. “Marriott hotel”də keçirilən tədbirdə Almaniya, Belarus, Tailand, Hindistan, Ukrayna, Banqladeş, Malayziya, Şimali Kipr, Qazaxıstan kimi ölkələrlə yanaşı, Azərbaycan səfirliyi də iştirak edirdi.
Satış-sərgidə hər bir səfirlik öz pavilyonu ilə təmsil olunur, ölkəsinə məxsus əşyaları, yeməkləri təqdim edirdi. Tədbirdə Azərbaycan pavilyonu da qurulmuşdu. Burada ölkəmizdə istehsal olunan məhsullar, o cümlədən qablaşdırılmış qidalar, müxtəlif növ içkilər, suvenirlər, hədiyyəlik əşyalar və s. satışa çıxarılmışdı. Sərgidə həmçinin pavilyonu ziyarət edənlərə Azərbaycan milli mətbəx nümunələrindən olan plov, dolma, dovğa, milli şirniyyat növləri təqdim olunurdu. Ziyarətçilərin Azərbaycan pavilyonuna xüsusi maraq göstərməsi diqqətdən yayınmırdı. Tədbir boyu Azərbaycan milli rəqs və musiqiləri də ifa edildi.
Azərbaycanın Ankaradakı səfirliyinin kollektivi, eləcə də Türkiyədə fəaliyyət göstərən rəsmi nümayəndəliklərin təmsilçiləri və ailə üzvləri tədbirdə iştirak edirdi. Qeyd edək ki, satışdan əldə olunan vəsait təşkilatçının hesabına köçürülüb.
Mehparə Sultanova
Ankara