Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi haqqında ölkə başçısının 12 yanvar 2017-ci il tarixli sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, tədbirlər planı hazırlanaraq il ərzində icra olunub.
Böyük şairin 300 illiyi UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilib. Bu fakt Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür.
2017-ci il həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif ili” elan edilərək, bu çərçivədə tədbirlər keçirilib.
Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. Onun yaradıcılığı milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verib. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoyub. Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir.
Böyük şairin 300 illiyi ilə bağlı tədbirlər planına uyğun olaraq, 7 dekabr 2017-ci il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təntənəli yubiley mərasimi keçiriləcək. Tanınmış elm, ədəbiyyat və incəsənət xadimlərinin qatılacağı tədbirdə şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək və ədibin sözlərinə yazılmış mahnılar ifa ediləcək.