Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu fəaliyyətə başladığı qısa müddət ərzində dünyada türk dünyasını uğurla təmsil edir. Bu sözləri bu günlərdə Bakıya səfəri zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Fondun prezidenti Günay Əfəndiyeva qonağa Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr, türk dünyasının maddi-mənəvi irsinin və tarixinin qorunması istiqamətində apardığı işlər barədə danışıb.
Fondun fəaliyyətini təqdir edən Mövlud Çavuşoğlu bu xüsusda Türkiyənin gələcəkdə də quruma dəstək göstərəcəyini vurğulayıb.
Günay Əfəndiyeva Türkiyənin UNESCO-nun İcraiyyə Şurasında üzvlük əldə etməsi münasibətilə Mövlud Çavuşoğlunu təbrik edib və bu hadisənin ümumilikdə türk dünyası üçün əhəmiyyətli olduğunu bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunan G.Əfəndiyeva Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini qeyd edib və Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğuna görə təşəkkür edib.
* * *
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın TürkPA-nın baş katibi Jandos Asanov ilə görüşündə isə iki qurumun əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Ötən il Milli Məclisdə “Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələri son 25 ildə” mövzusunda konfransla birgə rəsm sərgisinin təşkili əməkdaşlığın nümunəsi kimi qeyd olunub.
J.Asanov TürkPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu daxil olmaqla türk dünyası qurumlarının beynəlxalq müstəvidə əlbir fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
* * *
Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva dekabrın 1-də Bakıda keçirilən “Asiyanın Qəlbi - İstanbul Prosesi”nin 7-ci nazirlər konfransında çıxışında da qurumun fəaliyyətindən bəhs edib. O, dünyada baş verən silahlı toqquşma və terror hadisələrinin təhsil müəssisələrinin, mədəniyyət sahələrinin, o cümlədən muzeylərin, tarixi, mədəni və dini əhəmiyyətli abidələrin kütləvi məhvinə səbəb olduğunu vurğulayıb. G.Əfəndiyeva Palmira, Mosul, Nineviya, Hələb, Tripoli və digər şəhərlərdə mədəni irsə qarşı törədilənlərdən bəhs edərək, erməni işğalçıları tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunda memarlıq və arxeoloji sahələrin, qəbiristanlıqların, məscidlərin, məbədlərin dağıdıldığını diqqətə çatdırıb.