Dekabrın 4-də Qazax şəhərindəki Ədəbiyyat Muzeyində Azərbaycan Milli Kitabxanası, Azərbaycan Milli Konservatoriyası və Beynəlxalq Muğam Mərkəzinin “Sirlər xəzinəsi” birgə layihəsinin böyük şair Molla Pənah Vaqifə həsr olunmuş ədəbi-bədii musiqili məclisi keçirilib. Tədbirdə akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” və Milli Kitabxananın nəşr etdiyi “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının və kitab sərgisinin təqdimatı olub.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov məclisi açaraq, Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında ölkə başçısının sərəncamına müvafiq olaraq təşkil edilən silsilə tədbirlərdən danışıb, “Sirlər xəzinəsi” layihəsinin əhəmiyyətini, bu məclisin poeziya və musiqi həvəskarları üçün bir töhfə olduğunu vurğulayıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək, görkəmli şairin 300 illiyinin bütün türk dünyasında qeyd edilməsinin təqdirəlayiq hal olduğunu deyib.
Filologiya elmləri doktoru, professor Rüstəm Kamal şairin həyat və yaradıcılığı haqqında məruzə edib. Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, şair Barat Vüsal, birliyin Qarabağ bölməsinin sədri, professor Ənvər Əhməd və başqaları çıxış ediblər.
İrəvan Dövlət Azərbaycan Teatrının aktrisası Zülfiyyə Eldarqızı Molla Pənah Vaqifin şeirlərini oxuyub, Milli Konservatoriyanın müəllimləri, xanəndələr Firuz Səxavət, Vüqar Əliyev, tələbələr Zəfər Əhmədli (tar), Müşfiq Lətifov (kamança), Bayram Üzeyirov (ud) şairin qəzəl və qoşmaları üstündə muğam və təsniflər səsləndiriblər.