Dekabrın 1-də görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun 80 illik yubileyi münasibətilə Fəxri xiyabanda sənətkarın məzarı önündə anım mərasimi keçirildi. Mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri bəstəkarın məzarı önünə tər çiçək dəstələri düzərək xatirəsini hörmətlə yad etdilər.
   Anım mərasimində Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə Emin Sabitoğlunun həyat və yaradıcılığından danışdı. Bildirdi ki, Emin Sabitoğlu bənzərsiz yaradıcılığı ilə Azərbaycan musiqisinə bir çox yeniliklər gətirib: “Onun yazdığı mahnıların adını çəkmək bəs edir ki, söhbətin kimdən getdiyi aydın olsun. Bəstəkarın əbədi sənət ömrü qazanmış onlarla mahnıları ilə yanaşı, simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poemaları bu gün də sevilə-sevilə dinlənilir”.
   Vurğuladı ki, yazdığı əsərləri, nəğmələri həmişə bizimlə olan unudulmaz bəstəkarın yubileyi dövlət səviyyəsində qeyd olunur.
   Sənətkarın qızı, sənətşünas, professor Ceyran Mahmudova Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bəstəkarın 80 illiyinin ölkəmizin hər yerində silsilə tədbirlərlə keçirildiyini böyük razılıq hissi ilə qeyd etdi. Atası haqqında xatirələrini bölüşən Ceyran Mahmudova ziyarətə gələnlərə minnətdarlığını bildirdi.
   
   Fariz Hüseynov