Türkiyənin məşhur aktyoru, əslən Azərbaycandan olan Tamer Karadağlı və tanınmış aktrisa Məlahət Abbasova Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcı kollektivi ilə görüşüb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, görüşdə iki qardaş ölkə arasında mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib.
Qonaqlara Musiqili Teatrın tarixi, Prezident İlham Əliyevin sərəncamı ilə aparılan əsaslı təmir işlərindən sonra burada tamaşaçılar və teatrın kollektivi üçün yaradılmış şərait haqqında ətraflı məlumat verilib.
T.Karadağlı Azərbaycan Dövlət Musiqili Teatrı kimi çağdaş dünya standartlarına cavab verən sənət ocağı haqqında fikirlərini belə bölüşüb: “Bu əzəmətli bina, bu möhtəşəm səhnə, bu bənzərsiz şərait insanda yalnız yaradıcılıq şövqü və xoş hisslər yaradır. Burada aldığım təəssüratları uzun müddət unuda bilməyəcəyəm”.
Qeyd edək ki, Tamer Karadağlı hazırda Kanal D televiziyasında yayımlanan “Çocuklar duymasın” serialında əsas rollardan birini ifa edir.