Peşəkar qrim ustası, pedaqoq Sevda Səmədovanın yubileyi münasibətilə
Azərbaycan xalqı hər zaman öz pedaqoqları və sənətkarları ilə öyünə bilər. Çünki onlar sələflərinin ən yüksək nailiyyətlərini layiqincə yaşadır, təbliğ edir və gələcək nəsillərə ötürürlər. Onlardan biri bu yaxınlarda yubileyini qeyd etdiyimiz, həyatının 30 ilini Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətə həsr edən Sevda xanım Səmədovadır.
Sevda İbiş qızı Səmədova 29 iyul 1952-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Valideynlərinin ona aşılandığı vətənə, ana dilinə, sənətə hörmət və sevgi sayəsində Sevda xanım təmsil etdiyi ziyalı nəsillərin fəxri olmuşdur.
Əslən Qarabağın dilbər guşəsi Şuşa şəhərindən olan Sevda Səmədova sözün gerçək mənasında sənət fədailərindəndir. O, 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub, dram rejissoru ixtisası üzrə təhsil alarkən Rza Təhmasib, Mehdi Məmmədov, Turan Cavid, Qulu Əsgərov, Şəfiqə Axundova kimi görkəmli sənətkarlarımızdan sənətin sirlərini öyrənmişdir. Sevda xanımın tələbə yoldaşları arasında Zakir Məlikov, Oqtay Seyidbəyli, Yusif Şeyxov, Gülşən Qurbanova, Sevda Teymurova kimi peşəkar təhsil, elm və sənət xadimləri də vardır.
O, sənət təcrübəsini Azərbaycan Akademik Milli Dram Teatrında keçərək, Tofiq Kazımovun rejissorluğu ilə görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin bir neçə əsərinin səhnələşdirilməsi prosesinin canlı şahidi olmuşdur. Məhz o zaman Sevda xanım Azərbaycanda çox nadir sənət növü olan qrim sənətinin sirlərinə yiyələnmişdir. 1975-ci ildə məzun olduqdan sonra professor Elşad Quliyevin rəhbərlik etdiyi Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çox böyük həvəslə könüllü şəkildə çalışmışdır. Burada topladığı təcrübə onu sənətə sevgisini daha da möhkəmləndirmişdir.
1987-ci ildə Bakı Xoreoqrafiya Məktəbində fəaliyyətə başlayan Sevda xanım 30 il ərzində xoreoqrafiya sahəsi üzrə bir neçə sənətkar nəslinin formalaşmasında bilavasitə iştirak etmişdir. Qrim sənətinin ənənələrinin qorunub saxlanılması, inkişafı və gələcək nəsillərə çatdırılması onun həyati məsləyinə çevrilmişdir.
Qrim - rəssamlıq sənəti ilə bağlı olan, onun ecazkar növlərindən biridir. Qrim sənətinin tətbiqi nəticəsində aktyorun xarici görkəmi dəyişir, aktyor canlandırdığı obrazın birindən digərinə məharətlə keçə bilir. Müasir dövrdə qrim sənəti inkişaf edərək, özü də bir neçə növə, sahə və istiqamətə ayrılır. Tamaşanın janrı, rejissorun baxışları, aktyorun fiziki göstəriciləri, obrazın konsepsiyası və bu kimi digər faktorlar qrim sənətinin özünəməxsus və spesifik tərəflərini əks etdirir. Teatr və balet tamaşalarında, xoreoqrafik kompozisiyalarda qrimin xarakteri əsərin daha çox bədii xüsusiyyətlərindən asılı olur. Özündə qrim-rəssamlıq və tikiş metodunu birləşdirən bu sənət dəri rənginin, üz cizgilərinin dəyişdirilməsi və uyğunlaşdırılmasından tutmuş, saç-saqqal, parik, bakenbardları da özündə tamamlayır. Teatrlarda bu günə kimi ənənəvi qrim materiallarından istifadə olunur və bu iş böyük səbir, zəhmət tələb edir.
Bu cür incə, nəcib və bununla belə mürəkkəb bir sənət növü ilə məşğul olan Sevda Səmədova Bakı Xoreoqrafiya Akademiyasının müxtəlif təhsil pillələrində təhsil alan uşaq və yeniyetmələrin ən sevimli və istəkli müəllimlərindən, dostlarından biridir. Əlamətdar haldır ki, bu gün Sevda xanımla çiyin-çiyinə çalışanlar arasında onun istəkli tələbələri də var.
Comərdlik, xeyirxahlıq, peşəkarlıq, tələbkarlıq və eyni zamanda gözəl xanım, qayğıkeş ana və nənə, sadiq dost və mehriban əməkdaş - onun ən səciyyəvi insani keyfiyyətləridir. Yubiley ilində Sevda xanıma uzun ömür, cansağlığı və Bakı Xoreoqrafiya Akademiyasında bundan sonra da uzun illər ərzində çalışmasını arzu edirik.
Əbülfəz Babazadə
BXA İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, kulturoloq