Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə avqustun 29-da Marmaris şəhərində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinə start verilib.
Tarixi turizm şəhəri olan Marmarisdə açıq havada qədim amfiteatr səhnəsində keçirilən “Elvedasız şarkılar” adlı möhtəşəm konsert proqramı təqdim olunub.
Çoxsaylı yerli sakinlərin və turistlərin iştirak etdiyi konsert proqramında Azərbaycan mədəniyyəti, tarixi, sənəti və turizminə dair videomaterial nümayiş etdirilib.
Tədbirdə çıxışı edən Marmaris valisi Nurullah Kaya və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mədəniyyət və sənətin bayramına çevrilmiş məşhur musiqi layihəsi “Elvedasız şarkılar” proqramı haqqında danışaraq bu layihə çərçivəsində Azərbaycan musiqi sənəti ilə tanış olmaq fürsətinin əhəmiyyətini qeyd ediblər.
Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlığı, mədəni əlaqələrimiz, mədəniyyətimiz, zəngin musiqi sənətimiz, keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” haqqında məlumat verilib.
Sonra məşhur sənətçi Bora Gencerin layihəsi ilə keçirilən “Elvedasız şarkılar” adlı konsert proqramı təqdim olunub.
Proqramda Türkiyənin məşhur müğənniləri ilə yanaşı, Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova milli musiqi əsərlərimizi ifa edib. İfalar əsnasında Azərbaycanın zəngin mədəniyyəti, tarixi və turizm gözəlliklərinə dair videomateriallar nümayiş olunub.
Gənc azərbaycanlı müğənni Aynur İsgəndərlinin “Çırpınırdın, Qara dəniz” mahnısının ifası tamaşaçıların alqışları ilə müşayiət edilib. Türk dünyası arasında həmrəylik, Vətən, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş mahnılar maraqla qarşılanıb.
Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Xalq Rəqsləri Ansamblı milli rəqslərimizi təqdim edib.
Tədbirdə “Elvedasız şarkılar” musiqi layihəsinin müəllifi, müğənni Bora Gencerin ifaları dinlənilib. Tədbirin qonaqları olaraq konsert proqramında iştirak edən Türkiyənin Murat Kekilli, Fatih Erkoç, Yeşim Salkım, Nühket Duru, Ozan Orhon kimi məşhur müğənniləri öz musiqi əsərlərini səsləndiriblər.
Tədbir çoxsaylı iştirakçılar tərəfindən maraqla qarşılanıb, tamaşaçıların alqışları ilə müşayiət olunub.
Qeyd edək ki, “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri avqustun 31-də Antalya şəhərində davam edəcək. Antalyada Nazim Hikmət Konqres Mərkəzində “Azərbaycan gözəl sənətləri” adlı sərgi təqdim olunacaq.