Elə filmlər var ki, izlədikdən sonra uzun illər ötsə də, yaddaşımızda iz salır. Belə ekran əsərlərini xatirələrdə yaşadan cəlbedici süjet xətti və aktyor oyunudur. İstedadlı ifası ilə milyonlarla tamaşaçının rəğbətini qazanan kino sənətkarlarından biri də məşhur fransız aktyoru Filipp Nuaredir.
   
   Bu gün də tamaşaçının yaddaşında “Köhnə tüfəng”in qəhrəmanı kimi yaşayan aktyor 5 il əvvəl, 2006-cı il noyabrın 23-də həm çəkiliş meydançasına, həm də həyata əlvida dedi.
   Filipp Pyer Fernan Nuare 1930-cu il oktyabrın 1-də dünyaya gəlib. Aktyorun uşaqlıq illəri Tuluza şəhərində keçib. Atası inşaat sənayesi ilə məşğul olsa da, ədəbiyyat və poeziya ilə çox maraqlanırmış. Kiçik yaşlarından xorda oxumağa başlayan gələcək aktyor daha sonra həvəskar tədris teatrında çıxış etməyə başlayır. Gözəl səsə malik olması da teatrda aşkarlanır. Bunun nəticəsi kimi 1949-cu ildə bəstəkar Fransua Verkanın rəhbərliyi altında müğənni kimi ilk albomunu yazdırır. Gözəl səsi olmasına rəğmən konservatoriyaya daxil ola bilmir. Rejissor, kino və teatr aktyoru Roje Blenin leksiyalarını dinləməyə başlayır. Sonra Bretan Teatrına gəlir. Burada tanınmış rejissor Jan Pyer Darrasla tanış olur, onunla birlikdə televiziya verilişlərində çıxış edir.
   Kinoda debütü 1948-ci ildə “Jiji” adlı qısametrajlı filmdə olur. Sonra “Oliviya” (1949), “Nikah agentliyi”(1951) qısametrajlı filmlərində epizodik rollarda oynayır.
   Böyük ekranlara 1955-ci ildə “Puent Kurt” (rejissor Anyes Varda) filmi ilə çıxır. Həmin ildə “Varlının həyatı” filminə dəvət alır. Burada onun tərəf-müqabili tanınmış aktrisa Katrin Denev olur. Ekran əsəri Lui Dellyuk mükafatına layiq görülür. Aktyorun əsl kino karyerası 1960-cı illərdə parlamağa başlayır. Həmin dövrdə o, fransız kinosunda tanınmış simalardan biri olur. 70-ci illərdə Alfred Hiçkokun filmlərində rol alır. Aktyor paralel olaraq italyan filmlərində də çəkilir. M. Moniçelli, F. Rozi, M.Ferreri və digər rejissorların filmlərində yaddaqalan obrazlar yaradır. 1997-2005-ci illərdə kino sahəsi ilə yanaşı teatrda da yaddaqalan obrazlar yaradır.
   Aktyorun 1975-ci ildə rejissor Rober Enrikonun “Köhnə tüfəng” filmində yaratdığı Jülyen Dandye obrazı ona dünya şöhrəti gətirir. Nuare bu roluna görə Fransa kinosunun ən yüksək təltifinə - “Sezar” mükafatına (1976) layiq görülür.
   120-dən çox filmdə rol alan aktyor həm də məlahətli səsi ilə populyar idi. Son çəkildiyi ekran əsəri “Açın, polisdir!” kinotrilogiyası olub. Ölümündən bir neçə ay əvvəl aktyorun “Kavalerin xatirələri” adlı kitabı nəşr olunmuşdu.
   
   Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar