Mədəniyyət və Turizm Nazirliyində TÜRKSOY-un nümayəndə heyəti ilə görüş
Dekabrın 7-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un baş katibi Düsen Kaseinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Nümayəndə heyəti böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi və Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Xalq şairi Qaysın Quliyevin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə Bakıya gəlib.
Qonaqları salamlayan Əbülfəs Qarayev TÜRKSOY-un fəaliyyətinin türkdilli xalqların birliyinə xidmət etdiyini dedi. Bildirdi ki, ümumtürk mədəniyyətini, xalqlarımızın milli adət-ənənələrini beynəlxalq aləmdə birgə səylərlə təqdim və təbliğ etməliyik.
Düsen Kaseinovu yenidən təşkilatın rəhbəri seçilməsi münasibətilə təbrik edən nazir qurumun səmərəli fəaliyyətinin bundan sonra da davamlı olacağına ümidvar olduğunu dedi. Vurğulandı ki, UNESCO və İSESCO ilə də sıx əməkdaşlıq quran TÜRKSOY müxtəlif beynəlxalq forumlarda yaxından iştirak edir, türkdilli xalqların mədəniyyətinin təbliğini həyata keçirir: “2017-ci il təşkilat üçün çox aktiv il olmuşdur. Çoxsaylı layihələr, görkəmli şəxsiyyətlərin yubileyləri keçirilmiş, mədəniyyət paytaxtları elan olunmuş şəhərlərdə türk tarixinin araşdırılması istiqamətində, türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş tədbirlər reallaşdırılmışdır”.
TÜRKSOY-un Azərbaycanla əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini bildirən nazir son illərdə ölkəmizdə mədəniyyət və turizm sahələrində gerçəkləşən layihələr, aparılan islahatlar haqqında qonaqlara məlumat verdi.
Düsen Kaseinov səmimi qonaqpərvərliyə görə nazirə təşəkkürünü bildirdi. Təşkilatın 2018-ci ildə həyata keçirəcəyi layihələr haqqında məlumat verən baş katib gələn il Azərbaycanla bağlı tədbirlərin də reallaşacağını diqqətə çatdırdı. Qeyd olundu ki, dekabrın 5-də Qazaxıstanın Türküstan şəhərində keçirilən TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısında 2018-ci ilin görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev, Qazaxıstanın Xalq şairi Mağjan Jumabayev və tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun xatirə ili elan edilməsi qərara alınıb.
Moskvadakı Müasir Humanitar Akademiyanın Nalçik filialının direktoru, Qafqazın elm, təhsil və biznes üzrə İctimai Akademiyasının prezidenti, professor Aliy Atabiyev, Rusiya Federasiyası Karaçay-Çərkəz Respublikasının Xalq şairi, “Mingi-Tau” ədəbi-bədii və ictimai-siyasi jurnalının baş redaktoru, Rusiya Lermontov Komitəsinin həmsədri Askar Doduyev, Kabardin-Balkar Respublikası Yazıçılar İttifaqının sədri Mutalip Beppayev və başqaları ölkəmizə səfərlərindən məmnunluqlarını ifadə etdilər. Qonaqlar Azərbaycanla bundan sonra da ədəbi, mədəni və turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini bildirdilər.
Görüşün sonunda Qaysın Quliyevin 100 illiyi ilə bağlı TÜRKSOY tərəfindən çap edilmiş kitab və şairin adını daşıyan medal nazirə təqdim olundu.
Lalə