Xəbər verdiyimiz kimi, Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti 4-5 dekabr tarixində respublikamızın qərb bölgəsində səfərdə olub.
Göygöl rayonundan başlanan səfər Şəmkir rayonunda davam edib. Tədbirlərdə Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab, almaniyalı qonaqlar iştirak ediblər.
Şəmkir rayon Heydər Əliyev Mərkəzində keçirilən yubiley mərasimində açılış nitqi ilə çıxış edən Sevda Məmmədəliyeva Prezident İlham Əliyevin 30 avqust 2016-cı il tarixli sərəncamı ilə keçirilən tədbirlər haqqında ətraflı məlumat verərək bildirib ki, 20-23 noyabr tarixində UNESCO-da təşkil olunmuş sərgi və konsert böyük əks-səda doğurub. Almanların Azərbaycandakı həyat tərzi və fəaliyyətlərindən danışan nazir müavini onların ölkəmiz haqqındakı fikirlərini mübaliğəsiz ifadə etmək üçün Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuş Helenendorf (indiki Göygöl) icmasının rəhbəri Lorens Kunun 1919-cu ildə parlamentdə etdiyi çıxışı diqqətə çatdırıb.
Səfir Mixael Kindsqrab öz növbəsində vaxtilə alman icmasının yaşadığı Şəmkir rayonuna bir neçə dəfə səfər etdiyini, hər səfərində böyük işlərin görüldüyünə şahid olduğunu bildirib, ikitərəfli əlaqələrin bundan sonra da inkişafının əhəmiyyətini vurğulayıb.
Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqları salamlayaraq iki əsr öncə Azərbaycana gəlmiş almanların Şəmkirdə yaratdıqları mədəni irsə azərbaycanlıların münasibəti ilə əsrlər boyu Qarabağın etnik əhalisi tərəfindən yaradılan xalqımızın mədəni irsinə ermənilərin vandal münasibətini müqayisə edib. İcra başçısı çıxışının sonunda səfir Mixael Kindsqraba hədiyyə olaraq Qarabağ xalçası bağışlayıb.
Rəsmi hissə Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Maria Aux və Şəmkirdən olan millət vəkili Sona Əliyevanın çıxışları ilə yekunlaşıb.
Sonra tədbir iştirakçıları Almaniya səfirliyi və professor Aux tərəfindən Heydər Əliyev Mərkəzində açılmış “Sərhədlərin silinməsi” adlı sərgiyə baxış keçiriblər. Nazir müavini Sevda Məmmədəliyeva burada həmçinin yerli fotoqrafların çəkdikləri şəkillərdən ibarət sərgi ilə də tanış olub və onlara uğurlar arzulayıb.
Səfər proqramı Şəmkirdəki alman kirxasında Mədəniyyət və Turizm Nazirliyi və Almaniya səfirliyi tərəfindən birgə təşkil edilmiş orqan və klassik musiqi alətləri ansamblının konserti ilə davam edib. “D`Accordo” ansamblı (bədii rəhbər İlahə Sadıqzadə, piano; solistlər - Fəridə Məmmədova, Səbinə Əsədova) və kontrtenor İlham Nəzərovun klassik musiqi ifaları zalda əyləşən hər kəsi valeh edib və gurultulu alqışlarla qarşılanıb.
Səfər çərçivəsində Sevda Məmmədəliyeva və nazirliyin nümayəndə heyəti və professor Eva Maria Aux Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində yenidənqurmadan sonra yaradılan şəraitlə və eksponatlarla tanış olublar. Muzeyin direktoru Cavanşir Pirverdiyev məlumat verib ki, Şəmkir rayonu ərazisində həm beynəlxalq, həm yerli ekspedisiyalar arxeoloji qazıntılar aparır və əldə olunan materiallar muzeyə gətirilərək burada mühafizə olunur. Nazir müavini S.Məmmədəliyeva və xanım Aux muzeyin ekspozisiyası ilə bağlı elmi-konseptual tövsiyələr veriblər.
Nümayəndə heyətinin üzvləri daha sonra Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin ofisinə gələrək burada yeni yaradılmış şəraitlə tanış olublar. İdarənin rəisi Höcət Əsədullayev Şəmkir, Göygöl, Daşkəsən və Gədəbəy rayonlarını əhatə edən regional mərkəz haqqında ətraflı məlumat verib.